Sentyabrın 10-da Yeni Azərbaycan Partiyası (YAP) Balakən rayon təşkilatının XIII konfransı keçirilib.
Yenigun.Media xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Balakəndə ucaldılmış abidəsini ziyarət edərək onun xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda YAP Balakən rayon təşkilatının sədri Azad Balayev hesabat məruzəsi ilə çıxış edib. O, partiyanın keçdiyi inkişaf yolundan danışaraq, rayon təşkilatının hesabat dövründə həyata keçirdiyi işlər, təşkilati fəaliyyət və qarşıda duran vəzifələr barədə məlumat verib.
Tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev YAP-ın yaradılması və formalaşmasında Ulu Öndər Heydər Əliyevin rolundan danışıb. O qeyd edib ki, Ümummilli Liderin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Natiq Ağayev Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanmasını, 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkənin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunmasını dövlətçilik tarixinin mühüm hadisələri kimi qiymətləndirib.
Milli Məclisin deputatı Nəsib Məhəməliyev çıxışında Azərbaycanın son illərdə regionda və beynəlxalq müstəvidə mövqelərini daha da gücləndirdiyini bildirib.
Deputat YAP-ın 2021-ci il martın 5-də keçirilən VII Qurultayının partiyanın fəaliyyətində yeni mərhələnin başlanması baxımından əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, həmin qurultaydan sonra partiyanın təşkilati və ideoloji fəaliyyətinin müasir çağırışlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılıb.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Xaqani Tağıyev isə partiyanın ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıb. O, yerli təşkilatların fəaliyyətinin müasir tələblər əsasında qurulmasının vacibliyini vurğulayıb və YAP Balakən rayon təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirib.
Konfransda həmçinin partiya veteranı Meysarat Qaysayeva, Vətən müharibəsi qazisi Hacı Muradov, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Elnarə Mustafayeva, Balakən DAİM-in direktoru Elvin Səmədov və Poştbinə kənd 1 saylı tam orta məktəbinin direktoru Naida Dibirova çıxış ediblər.
Çıxışlarda YAP-ın rayon təşkilatının fəaliyyətinin genişləndirilməsi, gənclərin, ziyalıların və müxtəlif peşə sahiblərinin partiya sıralarında fəallığının artırılması məsələlərinə diqqət çəkilib.
Konfransın sonunda YAP Balakən rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Toplantıda Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndələr seçilib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.


