Əsas məzmuna keç
26 Noyabr 2026, Cümə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Azərbaycan iqtisadiyyatında yeni mərhələ: maliyyə gücündən rifaha

Prezident İlham Əliyevin son çıxışında açıqlanan iqtisadi göstəricilər Azərbaycanın qarşıdakı dövrdə hansı istiqamətlər üzrə inkişaf etməyi hədəflədiyini göstərir.Azərbaycanın valyuta ehtiyatlarının 90 milyard dollara çatması, xarici dövlət borcunun isə ÜDM-in cəmi 5,6 faizini təşkil etməsi ölkənin maliyyə dayanıqlığının mühüm göstəricilərindəndir.

Bu barədə Yenigun.Media-ya açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli bildirib.

2027-ci ildə minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması nəzərdə tutulur. Bu isə sosial siyasətin əsas istiqamətlərindən birinin əhalinin gəlirlərinin artırılması olduğunu göstərir.

Son iki Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanan investisiya kontraktlarının ümumi həcmi 20 milyard dolları ötüb. Bu, Azərbaycanın beynəlxalq investorlar üçün cəlbediciliyinin artdığını göstərən göstəricilərdən biridir.

Azərbaycanın tranzit imkanları da genişlənir. Bu il ölkə ərazisindən keçən yüklərin həcminin 16 milyon tona çatacağı gözlənilir. Bu istiqamətin inkişafı Azərbaycanın regional logistika qovşağı kimi rolunu daha da gücləndirə bilər.

Enerji sektorunda da yeni imkanlar formalaşır. Prezidentin açıqlamasına görə, yeni qaz kontraktlarından yalnız biri əlavə 5 milyard kubmetr qaz tədarükünü nəzərdə tutur. Neft məhsulları üzrə isə ümumi potensialın 30 milyon ton səviyyəsində olduğu bildirilir.

Bütün bu rəqəmlər Azərbaycanın iqtisadi imkanlarının yalnız enerji gəlirləri ilə məhdudlaşmadığını göstərir. Qarşıdakı mərhələdə əsas məsələ mövcud maliyyə imkanlarının investisiyaya, investisiyanın isə davamlı iqtisadi artıma çevrilməsidir.

Məncə, növbəti mərhələnin əsas hədəfi Azərbaycanın maliyyə və enerji gücünün qeyri-neft sektorunda daha yüksək artıma, yeni iş yerlərinin yaradılmasına, məhsuldarlığın yüksəlməsinə və əhalinin real gəlirlərinin artmasına çevrilməsi olmalıdır.

Çünki iqtisadi güc təkcə valyuta ehtiyatlarının, investisiyaların və ixrac göstəricilərinin həcmi ilə ölçülmür.

Əsl iqtisadi güc onun vətəndaşın gündəlik həyatında və rifahında nə qədər hiss olunması ilə müəyyən edilir.