Əsas məzmuna keç
11 Oktyabr 2026, Bazar ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

Müşfiq Məmmədli: “Azərbaycan Mərkəzi Asiya ilə əməkdaşlığın gündəliyini formalaşdıran mühüm dövlətə çevrilib”

YENİGÜN.MEDİAREKLAM728 × 90

Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən VIII Məşvərət görüşü regionlararası siyasi, iqtisadi və strateji əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Milli Məclisin deputatı Müşfiq Məmmədli Türkmənbaşı görüşünün əhəmiyyətini, Azərbaycanın 2027-ci ildə sədrliyindən gözləntiləri və regional əməkdaşlığın perspektivlərini Yenigun.Media-ya açıqlamasında dəyərləndirib.

Deputat bildirib ki, Azərbaycanın formatda tamhüquqlu iştirakçıya çevrilməsi və 2027-ci ildə sədrliyi qəbul etməsi ölkəmizə göstərilən etimadın göstəricisidir.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl siyasət nəticəsində Azərbaycan Xəzərin iki sahili arasında əməkdaşlığın gündəliyini formalaşdıran mühüm dövlətə çevrilib. Ölkəmizin əlverişli coğrafi mövqeyi, nəqliyyat infrastrukturu və enerji sahəsində təcrübəsi Mərkəzi Asiyanın imkanlarının Avropa bazarları ilə əlaqələndirilməsinə şərait yaradır.

M.Məmmədli qeyd edib ki, görüşün strateji əhəmiyyəti siyasi etimadın daha sıx iqtisadi tərəfdaşlığa çevrilməsi imkanları ilə bağlıdır. Birgə istehsal, qarşılıqlı investisiyalar və etibarlı nəqliyyat əlaqələri iştirakçı ölkələrin beynəlxalq iqtisadi proseslərdə mövqelərini gücləndirə bilər.

Deputatın fikrincə, Mərkəzi Asiyanın enerji resurslarının Azərbaycan üzərindən beynəlxalq bazarlara çatdırılması ölkəmiz üçün yeni iqtisadi imkanlar yaradır.

O bildirib ki, Qazaxıstan və Türkmənistan neftinin Azərbaycan vasitəsilə daşınmasının genişlənməsi tranzit və logistika gəlirlərinin artmasına, liman və terminal xidmətlərinə tələbatın yüksəlməsinə, yeni investisiyaların cəlbinə və əlavə iş yerlərinin yaradılmasına töhfə verə bilər.

M.Məmmədli vurğulayıb ki, enerji təhlükəsizliyi baxımından təchizat mənbələrinin və nəqliyyat marşrutlarının şaxələndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, tranzit həcmlərinin artması daxili enerji təminatının avtomatik yaxşılaşması demək deyil. Bunun üçün ayrıca təchizat müqavilələri, dayanıqlı infrastruktur və iqtisadi cəhətdən əsaslandırılmış layihələr tələb olunur.

Deputat Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji sahəsində əməkdaşlığın da perspektivlərini yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu istiqamətdə reallaşdırılacaq layihələr Azərbaycanın elektrik enerjisinin istehsalı, ötürülməsi və regional ticarətində rolunu gücləndirə bilər.

M.Məmmədli hesab edir ki, Azərbaycanın sədrliyi dövründə ilk növbədə Orta Dəhliz üzrə daşımaların daha sürətli, proqnozlaşdırılan və rəqabətədavamlı təşkili istiqamətində konkret addımlar atılmalıdır.

Bunun üçün gömrük prosedurlarının uyğunlaşdırılması, elektron sənədlərin qarşılıqlı tanınması, şəffaf tarif siyasəti və dəniz limanları ilə dəmir yollarının iş qrafiklərinin uzlaşdırılması vacibdir.

Deputat digər prioritetlər sırasında birgə investisiya fondlarının imkanlarından istehsal və ixrac layihələrində istifadəni, enerji və rəqəmsal bağlantıların genişləndirilməsini, həmçinin kadr hazırlığı və elmi əməkdaşlığın inkişafını qeyd edib.

O bildirib ki, sədrliyin nəticələrini yalnız keçirilən görüşlərin və imzalanan sənədlərin sayı ilə qiymətləndirmək olmaz. Əsas meyarlar yükdaşımaların müddətinin və maya dəyərinin azalması, qarşılıqlı qeyri-neft ticarətinin artması, faktiki yatırılan investisiyalar, fəaliyyətə başlayan birgə müəssisələr və yaradılan yeni iş yerləri olmalıdır.

Deputatın sözlərinə görə, iqtisadi qarşılıqlı asılılığın və ortaq layihələrin genişlənməsi regional sabitliyin möhkəmlənməsinə də müsbət təsir göstərə bilər.

M.Məmmədli qeyd edib ki, nəqliyyat və enerji əlaqələrinin şaxələndirilməsi ticarətin ayrı-ayrı marşrutlarda yarana biləcək böhranlardan asılılığını azaldır. Bu baxımdan Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələndirici rolunu daha da gücləndirmək imkanına malikdir.

O əlavə edib ki, nəqliyyat və enerji infrastrukturunun mühafizəsi, kibertəhlükəsizlik, fövqəladə hallara hazırlıq və sərhəd xidmətləri arasında məlumat mübadiləsi regional təhlükəsizlik əməkdaşlığının mühüm istiqamətləri olmalıdır.

M.Məmmədli rəqəmsal iqtisadiyyat və süni intellekt sahəsində əməkdaşlığın genişləndirilməsini də perspektivli istiqamət kimi qiymətləndirib.

Deputatın sözlərinə görə, milli məlumat mərkəzlərinin əlaqələndirilməsi, süni intellektdən məsuliyyətli istifadə, proqram təminatı ixracı, startapların regional bazarlara çıxışı və birgə elmi tədqiqatlar iştirakçı ölkələr üçün yeni imkanlar yarada bilər.

O bildirib ki, süni intellekt logistika axınlarının proqnozlaşdırılması, enerji sərfinin optimallaşdırılması və kənd təsərrüfatında məhsuldarlığın artırılması üçün tətbiq oluna bilər. Səhiyyə sahəsində isə birgə elmi tədqiqatlar, həkimlərin davamlı təhsili və tibbi qərarların qəbuluna dəstək verən sistemlər üzrə əməkdaşlıq mümkündür.

Deputat vurğulayıb ki, belə layihələrin həyata keçirilməsi zamanı şəxsi məlumatların qorunması, texnologiyaların etibarlılığı və insan nəzarəti əsas prinsiplər kimi nəzərə alınmalıdır.

M.Məmmədli hesab edir ki, Türkmənbaşı görüşündə əldə olunan razılaşmaların real nəticələrə çevrilməsi üçün növbəti mərhələdə məsul qurumları, maliyyə mənbələrini və icra müddətlərini müəyyənləşdirən konkret fəaliyyət planı hazırlanmalıdır.

Onun fikrincə, ilkin mərhələdə iqtisadi nəticəsi aydın olan layihələrə üstünlük verilməlidir. Elektron tranzit sənədlərinin tətbiqi, daşınma qrafiklərinin uzlaşdırılması, birgə investisiya fondları vasitəsilə istehsal layihələrinin maliyyələşdirilməsi və rəqəmsal xidmətlər üzrə pilot proqramlar bu baxımdan əhəmiyyətlidir.

Deputat 2027-ci ildə Xivədə biznes forumunun keçirilməsi təklifinin də işgüzar əlaqələrin inkişafına töhfə verə biləcəyini bildirib. Onun sözlərinə görə, belə platformalara texniki və maliyyə hazırlığı tamamlanmış, real icra perspektivi olan layihələrlə qatılmaq məqsədəuyğundur.

M.Məmmədli yekunda vurğulayıb ki, Azərbaycanın sədrliyi dövründə əsas məqsəd siyasi razılaşmaların iqtisadi və sosial nəticələrə çevrilməsi olmalıdır. Daha sürətli daşımalar, yeni bazarlara çıxış, birgə istehsal müəssisələri və yeni iş yerləri regional əməkdaşlığın vətəndaşlar və sahibkarlar üçün real faydasını göstərəcək.

Yenigun.Media

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600