Xətai rayonunda qanunsuz tikinti və yaşıllıqların məhv edilməsi ilə bağlı növbəti iddia gündəmə gəlib.
Yenigun.Media xəbər verir ki, “BizimXəbər TV” səhifəsində yayımlanan paylaşımda Xətai rayonu, Xocalı prospekti 51 ünvanında dəmir konstruksiyalardan istifadə edilməklə qanunsuz tikinti işlərinin aparıldığı iddia olunub.
Paylaşımda qeyd edilir ki, ərazidə ağaclar kəsilir, bəzi ağaclar isə obyektlərin ərazisinə daxil edilməklə məhv edilir.
Ümumiyyətlə, Xətai rayonunda qanunsuz tikinti işləri ilə bağlı iddiaların sayı-hesabı yoxdur. Müxtəlif ünvanlarda tikinti və zəbtetmə hallarının davam etdiyi bildirilir. Bütün bunlar isə rayon rəhbərliyinin nəzarət və məsuliyyət məsələsini yenidən gündəmə gətirir.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev niyə bu halların qarşısını almaq üçün tədbirlər görmür? Qanunsuz tikinti iddiaları niyə davam edir? Yaşıllıqların məhv edilməsinə kimlər göz yumur?
Sözügedən ünvanda tikinti işlərinə icazə verilibmi? Ağacların kəsilməsi hansı hüquqi əsasla həyata keçirilir? Aidiyyəti qurumlar niyə susur?
Yenigun.Media olaraq aidiyyəti qurumları mövqeyini dərc etməyə hazırıq.

