Əsas məzmuna keç
25 Noyabr 2026, Çərşənbə ● Bakı +26° USD 1.70 EUR 1.96

Məhkəməyə müraciət etmək asanlaşır: Dövlət rüsumunun azaldılması təklif olunur

Vətəndaşların məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, dövlət rüsumu ilə bağlı maliyyə yükünün azaldılması və məhkəmə sistemində işlərin daha operativ araşdırılması məqsədilə yeni qanun dəyişiklikləri təklif olunur.

Yenigun.Media xəbər verir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər Milli Məclisin müzakirəsinə çıxarılıb.

Təklif olunan dəyişikliklərə əsasən, məhkəmə əmri haqqında ərizənin verilməsinə görə dövlət rüsumunun hazırkı 100 manatdan 25 manata endirilməsi nəzərdə tutulur. Bununla yanaşı, qiymətləndirilən iddialar üzrə apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinə görə dövlət rüsumunun yalnız mübahisələndirilən hissə əsasında hesablanması təklif edilir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının sədri Sənan Hacıyev qanun layihəsinin mahiyyətini və gözlənilən nəticələrini şərh edib.

Onun sözlərinə görə, hazırda məhkəmə əmri haqqında ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu tələb olunur. Halbuki iddia qiyməti 1000 manatadək olan qiymətləndirilən iddia ərizəsi üzrə bu məbləğ 30 manatdır. Bu fərq məhkəmə əmri icraatının vətəndaşlar üçün cəlbediciliyini azaldır.

Sənan Hacıyev bildirib ki, mövcud vəziyyətdə mülki işlər üzrə 5000 manatadək, kommersiya işləri üzrə isə 10000 manatadək olan mübahisəsiz tələblərlə bağlı şəxslər bəzən daha mürəkkəb məhkəmə prosedurlarına müraciət etməli olurlar. Nəticədə faktiki mübahisə olmadığı halda belə işlərə mahiyyəti üzrə baxılması zərurəti yaranır və məhkəmələrin əlavə resursları sərf olunur.

Kollegiya sədri məhkəmə qərarlarından şikayət verilməsi zamanı dövlət rüsumunun hesablanması qaydasının dəyişdirilməsinin də mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

O qeyd edib ki, məhkəmə qərarının yalnız müəyyən hissəsindən narazı olan tərəfin bütün iddia məbləği əsasında dövlət rüsumu ödəməsi hüquqi müdafiə imkanlarının əlçatanlığına mənfi təsir göstərir.

Yeni təklifə əsasən, qiymətləndirilən iddialar üzrə dövlət rüsumu yalnız mübahisələndirilən hissəyə uyğun hesablanacaq. Qiymətləndirilməyən iddialar üzrə isə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi tutulacaq.

Sənan Hacıyevin fikrincə, bu dəyişikliklər xüsusilə sosial baxımdan həssas əhali qruplarının, eləcə də sahibkarlıq subyektlərinin ədalət mühakiməsinə çıxış imkanlarını genişləndirəcək.

Ali Məhkəmənin Mülki kollegiyasının sədri hesab edir ki, təkliflərin tətbiqi məhkəmələrin iş yükünün daha səmərəli bölüşdürülməsinə, işlərə baxılma müddətinin optimallaşdırılmasına və hakimlərin daha mürəkkəb hüquqi mübahisələrə diqqət ayırmasına imkan verəcək.

O, həmçinin əmr icraatında müasir informasiya texnologiyalarının tətbiqi üçün əlavə imkanların yaranacağını, məhkəmə proseslərində operativliyin və keyfiyyətin yüksələcəyini bildirib.

Qeyd edək ki, təklif olunan dəyişikliklərin əsas məqsədi məhkəmə müdafiəsini daha əlçatan etmək və ədalət mühakiməsinin səmərəliliyini artırmaqdır.