Milli Məclisin deputatı Anar İsgəndərov avqustun 24-də 78 saylı Lənkəran kənd seçki dairəsinə daxil olan Kosalar və Bala Şürük kəndlərinin sakinləri ilə görüşüb.
Yenigun.Media xəbər verir ki, görüşlərdə uzun illər Lənkəran Şəhər İcra Hakimiyyətində məsul vəzifələrdə çalışmış, Yeni Azərbaycan Partiyasının fəalı Əlimərdan Əliyev, Kosalar kəndindən olan tanınmış uroloq-cərrah Xaqani Hüseynov, kəndin icra nümayəndəsi Azad Şabanov, Kosalar kənd tam orta məktəbinin direktoru Kamran Hüseynov və deputatın köməkçisi Valeh Mikayılov iştirak ediblər.
Anar İsgəndərov bildirib ki, Kosalar və Bala Şürük kəndlərində keçirilən görüşlərlə seçki dairəsinə daxil olan sonuncu kəndlərə də səfər edib. Onun sözlərinə görə, hər iki yaşayış məntəqəsində yol, qaz və elektrik enerjisi ilə bağlı ciddi problemlər mövcud deyil.
Görüşlərin ali məktəblərə qəbul nəticələrinin elan olunduğu günə təsadüf etdiyini qeyd edən deputat tələbə adını qazanan gəncləri təbrik edib, onların valideynlərinə gözaydınlığı verib. O, həmçinin məktəblərin müəllim kollektivlərinin əməyini yüksək qiymətləndirib.
Daha sonra Bala Şürük kəndində vətəndaş qəbulu keçirilib. Deputat seçicilərin müraciətlərini və onları narahat edən məsələləri dinləyib.
Anar İsgəndərov qaldırılan məsələlərin aidiyyəti qurumlarla müzakirə ediləcəyini və onların həlli istiqamətində zəruri addımların atılacağını bildirib.
Deputat seçicilərlə görüşlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. O qeyd edib ki, əsas məqsədi seçicilərin səsini eşitmək, onların qayğı və problemlərinin həllinə imkan daxilində dəstək göstərməkdir.


