Əsas məzmuna keç
25 Oktyabr 2026, Bazar ● Bakı +26° USD 1.70 EUR 1.96

Azay Quliyev: “Paşinyanın sülh bəyanatlarına etimad etmək mümkün deyil”

Milli Məclisin deputatı Azay Quliyev Ermənistanın baş naziri Nikol Paşinyanın sülh siyasətini, Ermənistanın konstitusiyasında dəyişiklik məsələsini və regionda təhlükəsizlik vəziyyətini tənqid edib.

Yenigun.Media xəbər verir ki, deputat bu barədə BAKU TV-yə müsahibəsində danışıb.

Azay Quliyev bildirib ki, Azərbaycanın şimal və cənub qonşularının ərazilərində davam edən müharibələr sərhədlərin təhlükəsizliyi baxımından potensial təhdid yaradır. Onun sözlərinə görə, Azərbaycan mümkün ssenarilərə hazır olmalıdır.

Deputat Paşinyanın sülh gündəliyi ilə bağlı mövqeyini də tənqid edib. O, Ermənistan konstitusiyasının Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı müddəalardan təmizlənməsi prosesinin uzadılmasının ciddi narahatlıq doğurduğunu vurğulayıb.

Azay Quliyev hesab edir ki, Ermənistan rəhbərliyinin mütəmadi sülh bəyanatları verməsi real addımlarla müşayiət olunmadıqda sülh prosesinə xələl gətirir.

“Bu mənada Paşinyana nə inanmaq, nə də onun sülh bəyanatlarına etimad etmək mümkündür”, – deputat bildirib.

Millət vəkilinin fikrincə, hazırda mövcud olan de-fakto sülh Azərbaycanın hərbi gücü və qətiyyətinin nəticəsidir.

O, həmçinin ABŞ senator və konqresmenlərinin 907-ci düzəlişin qüvvədə saxlanılması ilə bağlı çağırışlarına, eləcə də Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Avropa Parlamentinin qətnamələrinə Ermənistan hökumətinin münasibətini tənqid edib.

Azay Quliyev qeyd edib ki, Ermənistan rəhbərliyi sülh gündəliyinə həqiqətən sadiq olsaydı, bu cür çağırışların və sənədlərin mövcud mərhələdə sülh prosesinə mümkün mənfi təsirlərinə münasibət bildirərdi.

Deputat, eyni zamanda, Ermənistan hökumətinin “Save Armenia” kimi Azərbaycana və sülh prosesinə qarşı mövqe sərgiləyən radikal təşkilatlarla əməkdaşlığını genişləndirdiyini iddia edib.

Azay Quliyevin sözlərinə görə, regionda davamlı sülhün təmin olunması üçün bəyanatlardan daha çox konkret siyasi addımlar və real öhdəliklər vacibdir.