Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 12-də İrlandiyanın Dublin şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə iqtisadi-ticari əlaqələrin inkişafı məsələsi də müzakirə olunub.
Yenigun.Media xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov açıqlamasında bildirib.
Deputatın sözlərinə görə, görüş zamanı iki ölkə arasında sülh gündəliyinin irəlilədilməsi, nəqliyyat və tranzit əlaqələrinin inkişafı, iqtisadi-ticari münasibətlərin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Vüqar Bayramov qeyd edib ki, 2026-cı ilin ilk 9 ayında Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsi 17 milyon 603 min dollar təşkil edib. Həmin dövrdə Ermənistandan Azərbaycana cəmi 1 000 dollar dəyərində məhsul idxal olunub.
Azərbaycan Ermənistana hansı məhsulları ixrac edib?
Deputatın açıqladığı statistikaya əsasən, iki ölkə arasında 5 məhsul kodu üzrə idxal və ixrac əməliyyatları həyata keçirilib.
Ermənistandan Azərbaycana buketlərin hazırlanmasında istifadə olunan və ya dekorativ məqsədlər üçün nəzərdə tutulan təzə qızılgüllər idxal edilib.
Azərbaycan isə Ermənistana aşağıdakı məhsulları ixrac edib:
- Oktan ədədi 95-dən az olan mühərrik benzini;
- Oktan ədədi 95 və daha çox, lakin 98-dən çox olmayan mühərrik benzini;
- Ağır distilyatlar;
- Qazoyllar;
- Plastmasdan hazırlanmış inşaat detalları.
İxrac göstəricilərinə görə, ən böyük pay ağır distilyatların, o cümlədən dizel yanacağının üzərinə düşüb. Bu məhsul üzrə ixracın dəyəri 14 milyon 261 min dollar təşkil edib.
Bundan başqa, Azərbaycan Ermənistana 583 min dollar dəyərində plastmas inşaat detalları da ixrac edib.
İqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Vüqar Bayramov bildirib ki, Dublində keçirilən görüşdə Azərbaycanla Ermənistan arasında iqtisadi və ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları, o cümlədən gələcəkdə elektrik şəbəkələrinin birləşdirilməsi məsələləri də müzakirə edilib.
Deputatın fikrincə, bu müzakirələr iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün imkanların mövcudluğunu göstərir. Sülh gündəliyində əldə olunan irəliləyişlər iqtisadi və ticari münasibətlərə də təsir göstərir.
Yenigun.Media

