Azərbaycanın qeyri-neft iqtisadiyyatında gələcək üçün böyük imkanlardan biri ölkənin regional nəqliyyat və logistika mərkəzinə çevrilməsidir. Son göstəricilər də bu istiqamətdə müsbət dinamikanın davam etdiyini göstərir.
Bu barədə Yenigun.Media-ya iqtisadçı ekspert Eyyub Kərimli açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, 2026-cı ilin ilk 7 ayında Azərbaycan və Çin arasında tranzit yükdaşımalarının həcminin ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq 272,6 min tona çatması diqqətçəkən göstəricidir. Ümumilikdə isə həmin dövrdə Azərbaycan ərazisindən daşınan tranzit yüklərin həcmi 9,1 milyon tonu keçib və 11,6 faiz artıb. Şərq–Qərb dəhlizi üzrə artımın 16,5 faiz təşkil etməsi də Azərbaycanın tranzit potensialına tələbin yüksəldiyini göstərir.
Eyyub Kərimli qeyd edib ki, Orta Dəhliz üzrə göstəricilər də Azərbaycanın regional logistika sistemində rolunun artdığını göstərir. 2026-cı ilin yanvar–avqust aylarında bu marşrut üzrə 53 574 TEU konteyner daşınıb və illik artım 11 faiz olub.
“Bu rəqəmlərin iqtisadi əhəmiyyəti yalnız tranzit haqqından əldə olunan gəlirlə məhdudlaşmır. Yük axınının artması Bakı Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, dəmir yolu infrastrukturu, logistika mərkəzləri, anbar təsərrüfatı, avtomobil daşımaları, sığorta və gömrük xidmətlərinə əlavə tələbat yaradır. Bu isə nəqliyyat sektorunun ətrafında yeni biznes və məşğulluq imkanlarının formalaşmasına şərait yaradır”, – deyə ekspert bildirib.
Onun sözlərinə görə, Azərbaycanın əsas üstünlüklərindən biri tranzit daşımalarında vaxt faktorudur. Çin–Avropa istiqamətində Azərbaycan üzərindən tranzit müddətinin əvvəlki 38–53 gündən orta hesabla 12 günədək azalması Orta Dəhlizin rəqabət qabiliyyətini artıran mühüm amillərdəndir.
Ekspert hesab edir ki, növbəti mərhələdə Azərbaycanın əsas hədəfi yalnız ərazisindən daha çox yükün keçirilməsi deyil, həmin yük axınından daha yüksək əlavə dəyər əldə etmək olmalıdır.
“Azərbaycan tranzit ölkə olmaqla kifayətlənməməli, eyni zamanda əlavə dəyər yaradan logistika mərkəzinə çevrilməlidir. Bunun üçün liman və dəmir yolu imkanlarının genişləndirilməsi, rəqəmsal gömrük sistemlərinin inkişaf etdirilməsi, daşınma xərclərinin optimallaşdırılması və xüsusilə Avropadan Çin istiqamətinə geri yük axınının artırılması vacibdir”, – Eyyub Kərimli vurğulayıb.
İqtisadçı ekspert əlavə edib ki, konteynerin Azərbaycanın ərazisindən keçməsi iqtisadi gəlir yaradırsa, həmin yükün ölkədə saxlanılması, çeşidlənməsi, qablaşdırılması, emalı və yenidən ixracı daha böyük əlavə dəyər formalaşdırır.
“Orta Dəhliz Azərbaycan üçün yalnız nəqliyyat layihəsi deyil. Bu marşrut qeyri-neft gəlirlərinin artırılması, yeni iş yerlərinin yaradılması, logistika və xidmət sektorunun genişlənməsi, eləcə də Azərbaycanın Avrasiya ticarətində iqtisadi rolunun gücləndirilməsi baxımından strateji imkan yaradır”, – deyə Eyyub Kərimli bildirib.

