Deputat: “Texnologiyaya nəzarət gələcəyin əsas geosiyasi üstünlüklərindən birinə çevrilir”
Milli Məclisin deputatı Vüqar İskəndərov qlobal siyasi proseslər, böyük güclər arasında münasibətlər, Yaxın Şərqdəki gərginlik və dünya iqtisadiyyatının gələcək perspektivləri ilə bağlı təhlilini bölüşüb.
Yenigun.Media xəbər verir ki, deputatın “Qlobal siyasi proseslərə baxışım” başlıqlı təhlilində ABŞ–Rusiya münasibətləri, ABŞ–İran qarşıdurması, Türkiyənin regional təhlükəsizlik siyasəti, Çinlə Avropa İttifaqı arasında iqtisadi rəqabət və süni intellektin dünya iqtisadiyyatına təsiri əsas istiqamətlər kimi diqqətə çatdırılıb.
Vüqar İskəndərovun fikrincə, dünya siyasətində yeni tendensiya güclənir: böyük güclər qarşıdurmaları tam həll etməkdən daha çox, onların iqtisadi və siyasi nəticələrini idarə etməyə çalışırlar.
ABŞ–Rusiya münasibətləri: iqtisadi güzəştlər sülhə gətirib çıxaracaqmı?
Deputat ABŞ Prezidenti Donald Tramp administrasiyasının Rusiya ilə iqtisadi razılaşmaları Ukrayna müharibəsi üzrə danışıqlara təsir vasitəsi kimi nəzərdən keçirməsinə diqqət çəkib.
Onun qiymətləndirməsinə görə, Vaşinqton Rusiyaya qarşı yalnız sanksiya təzyiqinə deyil, iqtisadi güzəştlər vasitəsilə Moskvanı danışıqlara cəlb etmək strategiyasına da üstünlük verməyə çalışır. Bununla belə, iqtisadi maraqların uzlaşdırılması Rusiyanın hərbi mövqeyindən geri çəkiləcəyinə zəmanət vermir.
Deputat hesab edir ki, Tramp administrasiyasının qarşısında iki mühüm məqsəd dayanır: Ukraynada müharibənin dayandırılması və ABŞ-da enerji qiymətlərinin aşağı salınması. Lakin bu məqsədlər hər zaman bir-birini tamamlamır.
ABŞ–İran gərginliyi və böyük güclərin mövqeyi
Vüqar İskəndərov ABŞ-ın Çin və Rusiyanı İran ətrafında yaranmış qarşıdurmaya birbaşa cəlb etməməyə çalışmasını da diqqətəlayiq məqam kimi qiymətləndirib.
Təhlildə qeyd olunur ki, Vaşinqton İranın nüvə proqramını prioritet məsələ hesab etdiyi halda, Tehran Hörmüz boğazı və dəniz təhlükəsizliyi ilə bağlı məsələlərin həllinə xüsusi əhəmiyyət verir.
Deputatın yanaşmasına əsasən, İran ətrafında böhranın böyük güclər arasında birbaşa qarşıdurmaya çevrilməsi daha ağır strateji nəticələr yarada bilər. Bu baxımdan, diplomatik həll imkanlarının qorunması və təhlükəsizlik risklərinin genişlənməsinin qarşısının alınması xüsusi əhəmiyyət daşıyır.
O, İran ətrafında baş verən proseslərin Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Türkiyənin regional təhlükəsizlik strategiyası
Deputat Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə əməkdaşlığının inkişafını regional güc balansına təsir göstərə biləcək proseslərdən biri kimi dəyərləndirib.
Onun fikrincə, Türkiyənin müdafiə sənayesi, Pakistanın hərbi potensialı və Səudiyyə Ərəbistanının maliyyə imkanlarının bir araya gəlməsi yeni regional güc mərkəzinin formalaşmasına zəmin yarada bilər.
Bununla belə, belə bir əməkdaşlığın real gücü yalnız siyasi razılaşmalarla deyil, mümkün hərbi böhranlar zamanı tərəflərin koordinasiyalı fəaliyyət göstərmək imkanları ilə müəyyən olunacaq.
Vüqar İskəndərovun qiymətləndirməsinə görə, Türkiyənin regional siyasi çəkisinin artması Azərbaycan üçün də strateji əhəmiyyət daşıyır. Eyni zamanda, yeni təhlükəsizlik mexanizmlərinin Yaxın Şərqdəki qarşıdurmalara mümkün təsirləri diqqətlə izlənilməlidir.
Çin və Avropa İttifaqı arasında iqtisadi rəqabət
Təhlildə Çinlə Avropa İttifaqı arasında ticarət münasibətlərinin yeni mərhələyə daxil olmasına da toxunulub.
Deputatın fikrincə, Avropa İttifaqının əsas məqsədi Çinlə iqtisadi əlaqələri tamamilə dayandırmaqdan daha çox, strateji məhsullar üzrə asılılığı azaltmaq və Çin kapitalının Avropa bazarına təsirini tənzimləməkdir.
Bu proses istehsal müəssisələrinin yerləşdirilməsi, investisiya axınları və texnoloji imkanlar uğrunda rəqabəti daha da gücləndirə bilər.
Vüqar İskəndərov hesab edir ki, yeni iqtisadi rəqabət şəraitində məhsulun hansı bazarda satılması ilə yanaşı, onun harada istehsal edilməsi də geosiyasi əhəmiyyət daşıyır.
Süni intellekt qlobal iqtisadiyyatın yeni hərəkətverici qüvvəsinə çevrilir
Deputat dünya iqtisadiyyatının perspektivlərini qiymətləndirərkən süni intellekt və texnologiya sahələrinə yatırılan investisiyaların rolunu xüsusi vurğulayıb.
Təhlildə qeyd edilir ki, enerji böhranları və geosiyasi gərginliklər qlobal iqtisadiyyat üçün ciddi risklər yaratsa da, texnologiya sahəsinə yönələn investisiyalar iqtisadi artımı dəstəkləyən amillərdən biri olaraq qalır.
Bununla yanaşı, yüksək dövlət borcları, enerji xərcləri və texnologiya bazarında yarana biləcək mümkün böhranlar dünya iqtisadiyyatının dayanıqlılığına mənfi təsir göstərə bilər.
Deputatın fikrincə, müasir dünyada yeni geoiqtisadi bölgü formalaşır: bəzi ölkələr müharibələrin və enerji böhranlarının iqtisadi nəticələri ilə üzləşdiyi halda, digərləri texnoloji investisiyalar hesabına üstünlük qazanırlar.
Vüqar İskəndərov Azərbaycanın gələcək iqtisadi təhlükəsizliyi baxımından da mühüm məqama diqqət çəkib. Onun yanaşmasına görə, ölkənin dayanıqlı inkişafı yalnız enerji ehtiyatlarından deyil, həm də texnologiyadan, sənaye potensialından və insan kapitalından asılı olacaq.
Deputat təhlilinin yekununda vurğulayıb ki, dünya siyasətində güc balansı dəyişir. Enerji resursları strateji əhəmiyyətini qorusa da, texnologiyaya nəzarət gələcəyin əsas geosiyasi üstünlüklərindən birinə çevrilir.

