Dünya iqtisadiyyatında əlaqələrin yalnız coğrafi yaxınlıq əsasında qurulmadığı bir dövrdə Azərbaycanla Kamboca arasında münasibətlərin iqtisadi məzmununun genişləndirilməsi üçün yeni imkanlar yaranır. Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana səfəri çərçivəsində aparılan müzakirələr iki ölkənin mövcud potensialı daha fəal şəkildə reallaşdırmaq niyyətini ortaya qoyub. Prezident İlham Əliyev səfər zamanı mətbuata verdiyi bəyanatda Azərbaycan və Kamboca arasında ticarət və investisiya əlaqələrinin hazırkı vəziyyətinə toxunaraq, bu istiqamətdə ciddi potensialın olduğunu vurğulayıb. Ölkələr arasında ticarət dövriyyəsinin hələlik aşağı səviyyədə olması isə qarşıda böyük imkanların mövcudluğundan xəbər verir.
İqtisadi əlaqələrin genişləndirilməsi üçün ilk növbədə qarşılıqlı məlumatlılığın artırılması vacibdir. Azərbaycan və Kamboca şirkətlərinin bir-birinin bazarları, investisiya mühiti və prioritet sahələri haqqında daha ətraflı məlumat əldə etməsi yeni biznes təşəbbüslərinin yaranmasına şərait yarada bilər. Bu məqsədlə ticarət və investisiya əməkdaşlığının praktiki məsələləri ilə məşğul olacaq birgə işçi qrupunun yaradılması mühüm addımdır. Azərbaycan və Kamboca şirkətlərinin iştirakı ilə keçirilən biznes forumu sahibkarlar arasında birbaşa əlaqələrin qurulması üçün mühüm platformadır. Bu cür görüşlər qarşılıqlı maraq doğuran sahələrin və mümkün layihələrin müəyyənləşdirilməsinə imkan yaradır. Azərbaycanın iqtisadi potensialı və nəqliyyat imkanları, Kambocanın isə Cənub-Şərqi Asiyadakı mövqeyi qarşılıqlı əməkdaşlıq üçün yeni perspektivlər açır. Bu baxımdan iki ölkə arasında əlaqələr yalnız ticarətin artırılması ilə məhdudlaşmamalı, daha geniş regional iqtisadi imkanları da əhatə etməlidir. Sənaye sahəsində birgə istehsal müəssisələrinin yaradılması müzakirə olunan perspektivli istiqamətlərdəndir. Belə layihələr hər iki ölkənin istehsal imkanlarının, texnologiyalarının və bazar təcrübəsinin bir araya gətirilməsinə şərait yarada bilər. Nəticədə sadəcə məhsul mübadiləsinə deyil, daha uzunmüddətli iqtisadi tərəfdaşlığa əsaslanan əlaqələr formalaşa bilər.
Turizm də perspektivli əməkdaşlıq sahələrindəndir. İki ölkənin zəngin tarixi-mədəni irsi və fərqli turizm imkanları qarşılıqlı maraq üçün geniş zəmin yaradır. Bu əlaqələrin genişlənməsi xalqlar arasında birbaşa təmasları da artıracaq. Təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi də ikitərəfli əlaqələrin gələcəyinə mühüm töhfə verə bilər. Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil alması iki ölkə arasında bu sahədə müəyyən ənənənin formalaşdığını göstərir. Həmin ənənənin müasir dövrdə bərpası yeni nəsil mütəxəssislərin hazırlanmasına və humanitar əlaqələrin möhkəmlənməsinə imkan verər.
Nəqliyyat və rəqəmsal transformasiya da müzakirə olunan prioritet istiqamətlər sırasındadır. Müasir iqtisadiyyatın sürətlə rəqəmsallaşdığı şəraitdə elektron dövlət xidmətləri və rəqəmsal həllər üzrə təcrübə mübadiləsi qarşılıqlı fayda yarada bilər. Azərbaycanın “ASAN xidmət” modelinə Kambocada göstərilən maraq da bu baxımdan diqqət çəkir. İqtisadi əməkdaşlığın inkişafı üçün siyasi münasibətlərin mövcud səviyyəsi də əlverişli zəmin yaradır. Azərbaycan və Kamboca BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində əməkdaşlıq edir, beynəlxalq platformalarda qarşılıqlı dəstək nümayiş etdirirlər. Parlamentlərarası əlaqələr və dostluq qruplarının fəaliyyəti də bu siyasi dialoqu tamamlayır.
Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan–Kamboca münasibətlərində qarşıdakı mərhələnin əsas hədəflərindən biri mövcud siyasi dialoqu konkret iqtisadi nəticələrlə zənginləşdirməkdir. Birgə işçi qrupunun fəaliyyəti, biznes forumları və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi bu baxımdan mühüm başlanğıc nöqtələridir. Azərbaycan və Kamboca arasında iqtisadi əlaqələrin inkişafı üçün həm siyasi iradə, həm də real imkanlar mövcuddur. Qarşılıqlı məlumatlılığın artırılması və biznes dairələri arasında əlaqələrin gücləndirilməsi bu potensialın reallaşdırılmasının əsas şərtlərindəndir. Qarşıdakı dövrdə əsas hədəf ticarətlə yanaşı, investisiya, istehsal, turizm, təhsil, nəqliyyat və rəqəmsal inkişaf sahələrində uzunmüddətli tərəfdaşlıq yaratmaqdır.
Samirə Hüseynova

