Türkiyənin yerli media nümayəndələrindən biri olan Celal Çiftçi Azərbaycanda başlanmış cinayət işi və barəsində beynəlxalq axtarış elan edilməsi ilə gündəmə gəlib. O, “Şanlıurfa Olay” qəzetinin köşə yazarı, qəzetin təsisçisi və media sahəsində fəaliyyət göstərən şəxs kimi tanınır.
Yenigun.Media xəbər verir ki, 1975-ci il təvəllüdlü Celal Çiftçi Türkiyənin Şanlıurfa şəhərində anadan olub. O, jurnalistikaya 1992-ci ildə başlayıb.
Çiftçi 2017-ci ildə yerli mediaya verdiyi müsahibədə peşə fəaliyyətinə Türkiyənin yerli televiziya kanallarından olan ŞRT-də başladığını, daha sonra TV 63 və ATV-də çalışdığını bildirib. Onun sözlərinə görə, 1998-ci ildə ATV-nin GAP bölgəsi üzrə təmsilçisi vəzifəsinə gətirilib.
“Şanlıurfa Olay” qəzetinin təsisçisidir
Celal Çiftçi 2005-ci ildə “Şanlıurfa Olay” qəzetini təsis edib. O, sonrakı illərdə Olay Media Qrupunun rəhbəri kimi də fəaliyyət göstərib.
Çiftçi yerli media ilə yanaşı, jurnalist təşkilatlarında da təmsil olunub. Türkiyə mediasında yayılan məlumatlara əsasən, o, Anadolu Basın Birliyinin sədr müavinlərindən biridir.
2023-cü ildə Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) Şanlıurfa üzrə deputatlığa namizədliyini irəli sürdüyü də bildirilir.
Azərbaycanda hansı ittihamlarla üzləşir?
Azərbaycan Baş Prokurorluğunun 16 oktyabr 2026-cı il tarixli məlumatına əsasən, sosial şəbəkələrdə Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, eləcə də zor tətbiq etməklə dini nifrət və düşmənçiliyin salınmasına yönələn materialların paylaşılması ilə bağlı araşdırma aparılıb.
Rəsmi məlumata görə, həmin materialları paylaşan şəxslər arasında Celal Çiftçinin də adı var. Araşdırma zamanı dini radikalizm məzmunlu, o cümlədən süni intellekt vasitəsilə hazırlanmış materialların təkrar yayılması və zorakı çağırışların edilməsi halları müəyyənləşdirilib.
Toplanmış materiallar əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 281.2, 283.2.1 və 167-3.1-ci maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
Baş Prokurorluğun məlumatına əsasən, Celal Çiftçi cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində beynəlxalq axtarış elan edilib. Onun olduğu yerin müəyyənləşdirilməsi və digər zəruri istintaq tədbirləri ilə bağlı beynəlxalq əməkdaşlıq mexanizmlərindən istifadə olunur.
Qeyd edək ki, bu məlumatlar istintaq orqanının açıqlamasına əsaslanır. İttihamların sübuta yetirilməsi və iş üzrə yekun hüquqi qərarın qəbul edilməsi istintaq və məhkəmə prosesinin nəticələrindən asılıdır.

