Əsas məzmuna keç
12 Oktyabr 2026, Bazar ertəsi ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

Doğma yurd həsrəti ilə yaşayan ziyalı – Əziz Ələkbərli 66 yaşında

YENİGÜN.MEDİAREKLAM728 × 90

Bu gün Qərbi Azərbaycan İcmasının idarə heyətinin sədri, Milli Məclisin deputatı, alim və publisist Əziz Ələkbərlinin doğum günüdür.Əziz Ələkbərli uzun illərdir elmi, ictimai və siyasi fəaliyyəti ilə seçilən, xüsusilə Qərbi Azərbaycan həqiqətlərinin araşdırılması və ictimaiyyətə çatdırılması istiqamətində mühüm fəaliyyət göstərən ziyalılardan biridir. Səmimiyyəti, sadəliyi və təvazökarlığı ilə seçilən Əziz Ələkbərli doğma yurd məsələsini ömrünün əsas istiqamətlərindən birinə çevirib.

Yenigun.Media xəbər verir ki, Əziz Ələkbərli 1960-cı il oktyabrın 5-də Qərbi Azərbaycanın Vedibasar mahalının Qaralar kəndində anadan olub. İlk təhsilini doğma kəndində alan Ələkbərli 1977-ci ildə Qaralar kənd orta məktəbini bitirib. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub və 1984-cü ildə ali təhsilini başa vurub.

Əmək fəaliyyətinə müəllim kimi başlayan Əziz Ələkbərli 1984–1987-ci illərdə Qax rayonunun Qum kənd orta məktəbində çalışıb. Həmin dövrdə ədəbi fəaliyyətlə də məşğul olub və Qax rayon “Gürmük nəğmələri” Ədəbi Birliyinə rəhbərlik edib.

1987-ci ildə doğma Qaralar kəndinə qayıdan Ələkbərli 1988-ci ildə baş verən deportasiya nəticəsində ailəsi ilə birlikdə Ermənistan SSR-dən qaçqın düşərək Bakıda məskunlaşıb. Bu hadisə onun sonrakı elmi və ictimai fəaliyyətində Qərbi Azərbaycan mövzusunun əsas istiqamətlərdən birinə çevrilməsində mühüm rol oynayıb.

Əziz Ələkbərli 1988-ci ildən Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərib. Burada müxtəlif vəzifələrdə çalışan alim 1992-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. Daha sonra böyük elmi işçi və bölmə müdiri vəzifələrində çalışıb.

O, 2000-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda da fəaliyyət göstərib. Hazırda AMEA Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin aparıcı elmi işçisi və dosentidir.

Əziz Ələkbərlinin fəaliyyəti yalnız elmi istiqamətlə məhdudlaşmır. O, uzun illər mətbuatda çalışıb, müxtəlif qəzetlərdə müxbir, şöbə müdiri, məsul katib, redaktor və baş redaktor müavini vəzifələrində fəaliyyət göstərib. Müxtəlif illərdə “Ana Vətən” və “Ağrıdağ” qəzetlərinin baş redaktoru, “Xalq qəzeti”nin şöbə müdiri olub.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Əziz Ələkbərli jurnalistika və ədəbiyyat sahəsindəki fəaliyyətinə görə bir sıra mükafatlara layiq görülüb. O, Azərbaycan Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi” və Azərbaycan KİVİHİ-nin “Qızıl qələm” mükafatlarının laureatıdır.

Alimin yaradıcılıq irsi də zəngindir. O, 500-dən çox elmi və publisistik məqalənin, 46 kitabın müəllifidir. Onun müəllifi olduğu əsərlər sırasında Qərbi Azərbaycanın tarixi, mədəni irsi, toponimləri və abidələri ilə bağlı fundamental tədqiqatlar xüsusi yer tutur. “Qərbi Azərbaycan” adlı 10 cildlik ensiklopedik nəşr də onun uzunillik araşdırmalarının mühüm nəticələrindən biridir.

Əziz Ələkbərli eyni zamanda 100-dən çox kitabın redaktoru, ön söz müəllifi və naşiri olub. 1997-ci ildən fəaliyyət göstərən “Ağrıdağ” nəşriyyatının yaradıcısı və direktorudur. O, həmçinin Azərbaycan Milli Ensiklopediyasının müəlliflərindən və böyük redaktorlarından biridir.

İctimai fəaliyyəti ilə də seçilən Əziz Ələkbərli hazırda Qərbi Azərbaycan İcmasına rəhbərlik edir. O, Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdış hüququnun beynəlxalq və ictimai müstəvidə gündəmdə saxlanılması istiqamətində fəaliyyət göstərir.

2024-cü il sentyabrın 23-də keçirilən parlament seçkilərində Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı seçilən Əziz Ələkbərli hazırda Milli Məclisin Əmək və sosial müdafiə, həmçinin Elm və təhsil komitələrinin üzvüdür. O, eyni zamanda Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəridir.

Yenigun.Media olaraq Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlini doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və fəaliyyətində yeni uğurlar arzulayırıq.

İnşallah, növbəti doğum gününüzü birlikdə elimizdə-obamızda, Qərbi Azərbaycanda qeyd etmək bizə nəsib olsun!

Doğum gününüz mübarək, Əziz müəllim!

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600