Binəqədi rayonunda yaşayan sakinlər kanalizasiya xəttində yaranmış problemin aradan qaldırılmamasından narazıdırlar.
Yenigun.Media xəbər verir ki, bu barədə “Müştəriyəm, şikayətim var” səhifəsinə Xəyyam Həsənov adlı izləyici müraciət edib.
Şikayətçinin sözlərinə görə, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 2 ünvanında (indiki Səttar Bəhlulzadə küçəsi 77, ikinci bina) yerləşən köhnə doqquzmərtəbəli yaşayış binasının ümumi kanalizasiya borusunun 4-cü mərtəbədən keçən hissəsində sızma yaranıb.
O bildirir ki, problem bir neçə gündür davam edir. Məsələ ilə bağlı aidiyyəti üzrə əməkdaşlar binaya gəlib baxış keçirib və problemin araşdırılacağını bildiriblər. Lakin şikayətçinin iddiasına görə, həmin baxışdan sonra heç bir tədbir görülməyib, sızma isə hələ də davam edir.
Xəyyam Həsənov qeyd edir ki, binanın hər hansı MTK-nın idarəçiliyində olmadığını, su və kanalizasiya xidmətinin birbaşa Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan müvafiq qurumlar tərəfindən təmin edildiyini bildirir.
Şikayətçi vurğulayır ki, sakinlər hər ay kanalizasiya xidməti üçün ödəniş etsələr də, yaranmış problemin həlli ilə bağlı nəticə əldə edə bilmirlər.
O, aidiyyəti qurumlardan problemin yerində araşdırılmasını, kanalizasiya borusundakı sızmanın aradan qaldırılmasını və sakinlərin müraciətinə operativ münasibət bildirilməsini xahiş edir.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.
Yenigun.Media


