Hörmüz boğazından neft daşımalarının ləngiməsi və bölgədəki qeyri-müəyyənlik dünya bazarında neftin qiymətini son üç həftənin ən yüksək səviyyəsinə çatdırıb.
Yenigun.Media xəbər verir ki,“Brent” markalı neftin qiyməti 77 sent artaraq 91,79 dollara, ABŞ-ın WTI markalı nefti isə 85 sent bahalaşaraq 85,79 dollara yüksəlib.
Mütəxəssislər bildirirlər ki, gəmiçilik şirkətlərinin Hörmüz boğazından keçiddən yayınması enerji bazarında riskləri artırır. Hazırda boğazdan keçən yük gəmilərinin sayı əvvəlki normal göstəricilərdən xeyli aşağıdır.
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açıq olduğunu və İranla danışıqlar aparılmadığını bildirsə də, Tehran boğazın hələ də bağlı olduğunu açıqlayıb. Tərəflərin ziddiyyətli açıqlamaları vəziyyətlə bağlı qeyri-müəyyənliyi daha da artırıb.
Qeyd edək ki, münaqişə başlamazdan əvvəl dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən beşdə biri Hörmüz boğazından keçirdi.
İraq hökuməti isə mümkün ixrac problemlərinin qarşısını almaq üçün sentyabrın 1-dən etibarən neftin müxtəlif marşrutlar və ixrac məntəqələri vasitəsilə daşınmasına dair yeni mexanizmi təsdiqləyib.
Ekspertlər hesab edir ki, Hörmüzdə gərginlik davam edərsə, neftin qiyməti yenidən 100 dollar həddini keçə bilər.

