Əsas məzmuna keç
22 Avqust 2026, Şənbə Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Cəmiyyət

Müşfiq Məmmədli: Azərbaycan–Özbəkistan münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəlib

YENİGÜN.MEDİAREKLAM728 × 90

Milli Məclisin deputatı Müşfiq Məmmədli Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibəsində səsləndirdiyi fikirləri şərh edib.

Yenigun.Media xəbər verir ki, deputat bildirib ki, Azərbaycan–Özbəkistan münasibətləri tarixi qardaşlıq, qarşılıqlı etimad və ortaq milli-mənəvi dəyərlər üzərində qurularaq strateji müttəfiqlik səviyyəsinə yüksəlib.

Müşfiq Məmmədlinin sözlərinə görə, iki ölkə arasında münasibətlər artıq ənənəvi dostluq və tərəfdaşlıq çərçivəsini aşaraq ortaq geosiyasi maraqlar və uzunmüddətli strateji hədəflər əsasında inkişaf edir:

“Azərbaycan–Özbəkistan münasibətlərinin ən mühüm xüsusiyyəti onların yalnız siyasi maraqlara söykənməməsidir. Ortaq tariximiz, dilimiz, mədəniyyətimiz və mənəvi dəyərlərimiz dövlətlərarası əlaqələrin möhkəm təməlini təşkil edir. Bu möhkəm baza üzərində qurulan münasibətlər son illərdə ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə yüksəlib”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında formalaşmış qarşılıqlı etimad və dostluq münasibətləri bu prosesdə mühüm rol oynayır.

O bildirib ki, Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın genişlənməsi də siyasi münasibətlərin konkret nəticələrə çevrildiyini göstərir:

“Artıq söhbət yalnız qarşılıqlı ticarətdən getmir. Birgə investisiyalar, istehsal, energetika, nəqliyyat və logistika layihələri iki ölkənin iqtisadi əlaqələrini yeni mərhələyə daşıyır. 2025-ci ildə ticarət dövriyyəsinin 795 milyon dollara çatması və Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması bu dinamikanın mühüm göstəriciləridir”.

Müşfiq Məmmədli Azərbaycan–Özbəkistan əməkdaşlığında nəqliyyat və logistikanın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, Orta Dəhlizin inkişafı Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında mühüm strateji bağlantı nöqtəsinə çevirir.

“Orta Dəhlizin əhəmiyyətini yalnız tranzit gəlirləri ilə ölçmək olmaz. Bu dəhliz Türk dövlətlərini coğrafi, iqtisadi və strateji baxımdan bir-birinə daha sıx bağlayan mühüm infrastrukturdur. Azərbaycan–Özbəkistan əməkdaşlığı da bu prosesin əsas istiqamətlərindən biridir”, – deyə deputat vurğulayıb.

Deputat Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı məsələsinə də toxunub. Bildirib ki, bu, Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin yeni keyfiyyət mərhələsinə keçdiyini göstərir.

Müşfiq Məmmədli hesab edir ki, Azərbaycan–Özbəkistan münasibətlərini Türk Dövlətləri Təşkilatının inkişafından ayrı qiymətləndirmək mümkün deyil.

“Türk dünyasında inteqrasiya prosesi artıq real məzmun qazanır. Siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat-logistika imkanlarının, enerji və humanitar əməkdaşlığın genişlənməsi Türk dövlətlərinin beynəlxalq arenadakı çəkisini artırır. Azərbaycan və Özbəkistan bu prosesin aparıcı dövlətləri sırasındadır”, – deyə o əlavə edib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən fikirlər Azərbaycanın Mərkəzi Asiya, Türk dünyası və Avrasiya məkanı ilə bağlı uzunmüddətli strateji baxışını ortaya qoyur.

“Azərbaycan bu gün regionda baş verən prosesləri yalnız müşahidə edən deyil, yeni əməkdaşlıq formatlarının formalaşmasında iştirak edən, təşəbbüslər irəli sürən və müxtəlif geosiyasi məkanları birləşdirən dövlətdir. Azərbaycan–Özbəkistan müttəfiqliyinin güclənməsi də bu siyasətin mühüm tərkib hissəsidir. İki qardaş dövlət arasında münasibətlərin yüksələn xətt üzrə inkişafı Türk dünyasının birliyini daha da möhkəmləndirir və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni əməkdaşlıq imkanları yaradır”.

Müşfiq Məmmədli bildirib ki, Azərbaycan–Özbəkistan münasibətlərinin gələcəkdə daha da genişlənməsi həm iki ölkənin milli maraqlarına, həm də bütövlükdə Türk dünyasının siyasi və iqtisadi gücünün artmasına xidmət edəcək.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600