Əsas məzmuna keç
18 Avqust 2026, Çərşənbə axşamı Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Cəmiyyət

Qobustanda minlərlə ağac məhv olur — Məsuliyyət kimindir?/VİDEO+FOTO

YENİGÜN.MEDİAREKLAM728 × 90

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublika ərazisində ətraf mühitin qorunması istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Nazirlik tərəfindən mövsümdən asılı olmayaraq ağacəkmə aksiyalarının keçirildiyi də diqqətdən kənarda qalmır.

Amma burada haqlı sual yaranır ki, yeni ağacların əkilməsi qədər, əvvəl əkilmiş ağacların taleyinə nəzarət də icra hakimiyyətinin  məsuliyyət dairəsinə daxil deyilmi?

Məsələn, Qobustan rayonunda 5 il əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən əraziyə minlərlə ağac əkilərək, təhvil verilib. Lakin bu gün həmin ərazidə ağacların bir hissəsinin quruduğu, tələf olduğu və inkişaf etmədiyi müşahidə olunur. Ortada isə ciddi nəzarət və məsuliyyət məsələsi dayanır.

Bir tərəfdən yay-qış demədən yeni ağacların əkilməsi ilə bağlı aksiyalar keçirilir, digər tərəfdən isə əvvəlki illərdə əkilmiş ağacların məhv olması ilə bağlı ciddi suallar yaranır. Bu isə görülən işlərin effektivliyi barədə şübhələr yaradır.

Ətraf mühitin qorunması yalnız ağac əkməklə bitmir. Əsas məsələ əkilən ağacın yaşadılması, qorunması və illər sonra da yaşıllıq kimi qalmasının təmin edilməsidir.

Qobustan Rayon İcra Hakimiyyəti bu məsələyə aydınlıq gətirməli, ağacların hansı səbəbdən məhv olduğunu açıqlamalı və əraziyə qulluq göstərilməməsində məsuliyyət daşıyan şəxslərin olub-olmadığını bildirməlidir.

Əgər minlərlə ağac İcra Hakimiyyətinin nəzarətində olan ərazidə məhv olubsa, bəs rayon rəhbərliyi bütün bu müddət ərzində hara baxırdı?

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Ekologiya.az-a bildirib ki, ərazidə əkilən ağacların qorunmasına və sonrakı vəziyyətinə ilk növbədə həmin əraziyə cavabdeh olan dövlət qurumu məsuliyyət daşıyır:

“Əgər söhbət yerli icra hakimiyyətinin məsuliyyətində olan ərazidən gedirsə, həmin əraziyə də onlar cavabdehdir. Yox, əgər ərazi konkret olaraq başqa dövlət qurumuna məxsusdursa, bu halda məsuliyyət həmin qurumun üzərinə düşür. Hər bir halda əraziyə cavabdeh olan qurum məsuliyyət daşıyır”, – deyə hüquqşünas bildirib.

Onun sözlərinə görə, dövlət vəsaiti hesabına həyata keçirilən yaşıllaşdırma işlərinin nəticəsiz qalması dövlət əmlakından səmərəsiz istifadə kimi qiymətləndirilə bilər.

Hüquqşünas qeyd edib ki, ərazidə əkilən ağacların məhv olması nəticəsində dövlətə ziyan dəyibsə, həmin ziyanın ödənməlidir.

Bu barədə ekoloq Sadiq Həsənov a deyib ki, Qobustan rayonunun iqlim xüsusiyyətləri ağacların yetişdirilməsini kifayət qədər çətinləşdirir:

“Ərazidə yağıntının az olması, havaların isti və quraq keçməsi ağacların xüsusi qulluq və suvarmaya ehtiyacını artırır. Qobustan quru iqlimə malikdir, yarımsəhra və quru subtropik iqlim qurşağına düşür. Yağıntının miqdarı olduqca azdır və əsasən payız-yaz aylarında düşür. Buna görə də burada ağac becərmək kifayət qədər mürəkkəbdir və ciddi qulluq tələb edir. Əkilən ağacların xüsusilə ilk 2-3 il ərzində mütəmadi suvarılması vacibdir”.

Ekoloqun fikrincə, ərazidə damcı suvarma sisteminin tətbiqi ağacların qurumasının qarşısını ala bilərdi:

“Görünür, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əkdiyi bu ağaclara lazımi qulluq göstərilməyib. Ən azından damcı suvarma sistemi tətbiq olunmalı idi. İlk illərdə ağaclara düzgün qulluq göstərilsəydi, təxminən 3 ildən sonra kök sistemi inkişaf edərək müəyyən qədər nəmə və suya çata bilərdi. Bundan sonra isə hətta quraq iqlim şəraitində belə, yağıntının olmadığı dövrlərdə ildə bir-iki dəfə suvarma kifayət edə bilərdi. Ağacların suvarılmaması və qulluq göstərilməməsi Rayon İcra Hakimiyyətinin bu işə məsul şəxslərinin məsuliyyətsizliyindən xəbər verə bilər”.

Onun sözlərinə görə, Azərbaycanın böyük hissəsi, xüsusilə Aran və Qobustan kimi ərazilər quraq iqlimə malik olduğundan burada ağac əkməklə yanaşı, onların uzunmüddətli qorunması və suvarılması da təmin edilməlidir.

“İstənilən qədər ağac əkmək olar, amma onlara qulluq olunmasa, bu ağacların inkişaf etməsi mümkün deyil. Xüsusilə Qobustan, Aran və digər quraq rayonlarda yaşıllıq yaratmaq üçün bir neçə il ciddi əziyyət və qulluq tələb olunur. Bu edilməyibsə, nəticənin belə olması təəccüblü deyil”, – deyə o əlavə edib.

Qobustan Rayon İcra Hakimiyyəti tərəfindən Ekologiya.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ərazidə vaxtilə təhvil verilmiş ağaclardan daha çox ağac mövcuddur və İcra Hakimiyyəti tərəfindən əraziyə 8 mindən çox ağac əkilib.

Bildirilib ki, ağaclar təhvil alınarkən zəif inkişaf edən, iqlimə uyğun olmayan və inkişafı dayanmış bəzi ağaclar ərazidə qalıb. Həmçinin həmin əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birlikdə baxış keçirildiyi və müvafiq məlumatların Nazirliyə təqdim edildiyi qeyd olunub.

Lakin İcra Hakimiyyətinin açıqlaması ilə ərazidə çəkilmiş görüntülərdə müşahidə olunan vəziyyət arasında ziddiyyətlər var. Görüntülərdə qurumuş, kəsilmiş və yandırılmış ağacların olduğu əks olunur. Bu isə ağacların sadəcə zəif inkişaf etməsi və ya iqlimə uyğun olmaması ilə bağlı açıqlamanın ərazidəki mövcud vəziyyəti tam əks etdirib-etdirmədiyi sualını yaradır.

Məsələ ilə bağlı araşdırmamız davam edir. Ərazidə ağacların hansı səbəbdən quruduğu, kəsildiyi və yandırıldığı, həmçinin onların qorunmasına kimin cavabdeh olduğu ilə bağlı əlavə məlumatları araşdıracağıq.

Mövzuya qayıdacağıq.

Aysel Muxtar

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600
YENİGÜN.MEDİAREKLAM970 × 90