Milli Məclisin deputatı Razi Nurullayev parlamentin plenar iclasında çıxışı zamanı ailə, valideynlik və uşaqların hüquqlarının təminatı ilə bağlı kompleks qanun layihəsinin hazırlanmasını təklif edib.
Yenigun.Media xəbər verir ki, deputat payız sessiyasının iş planının müzakirəsi zamanı sözügedən məsələnin də iş planına daxil edilməsinin vacibliyini vurğulayıb.
Razi Nurullayev bildirib ki, gənc ailə üçün övlad sahibi olmaq bir günlük qərar deyil, ən azı 18-20 il davam edən böyük məsuliyyətdir:
“Dövlətin ailənin yalnız uşağın doğulduğu zaman deyil, bütün bu mərhələlər boyunca yanında olmasını vacib görürəm”.
Deputatın sözlərinə görə, dünya təcrübəsində ailələrə dəstək yalnız pul ödənişləri ilə məhdudlaşmır. Bu yanaşma mənzil, uşaq baxımı, valideynlərin əmək fəaliyyəti, təhsil və gələcək maliyyə təhlükəsizliyini əhatə edən kompleks sistem kimi qurulur.
Razi Nurullayev qeyd edib ki, Azərbaycanda da ailələrə, uşaqlara və gənclərə müxtəlif müavinətlər ödənilir, sosial xidmətlər göstərilir, mənzil, məşğulluq və təhsil istiqamətində dövlət proqramları həyata keçirilir. Lakin mövcud imkanların müxtəlif qanunlarda, proqramlarda və mexanizmlərdə dağınıq şəkildə təqdim olunması vətəndaş üçün sistemi mürəkkəb və anlaşılmaz edə bilər.
“Yanaşmamız belə olmalıdır: hüququn qanunda yazılması kifayət deyil, vətəndaş həmin hüquqlardan real və rahat şəkildə istifadə edə bilməlidir”, – deyə deputat bildirib.
Razi Nurullayev gənc ailələrin mənzil məsələsinin də yeni yanaşmada xüsusi yer tutmalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, güzəştli ipoteka imkanlarının genişləndirilməsi, ilkin ödənişə dövlət dəstəyi və uşaqlı ailələr üçün əlavə mexanizmlər nəzərdən keçirilə bilər.
Deputat həmçinin uşaq baxımı və qadınların əmək bazarında qalması məsələsinə toxunub:
“Elə şərait yaratmalıyıq ki, qadın ana olduğu üçün əmək bazarından kənarda qalmasın. Bağçaların əlçatanlığı, çevik iş imkanları və valideynlər üçün uyğun əmək şəraiti bu sistemin tərkib hissəsi ola bilər”.
Çıxış zamanı uşaqların təhsil və inkişaf imkanlarının da ayrıca nəzərə alınmasının vacibliyi qeyd olunub.
“Dövlət ailəyə övlad sahibi olun deyən tərəf kimi yox, bu qərarın məsuliyyətini bölüşən bir tərəf kimi çıxış etməlidir. Gənc ailəyə deməliyik: siz ailə qurursunuzsa və övlad sahibi olmaq istəyirsinizsə, bu yolda tək deyilsiniz”, – Razi Nurullayev deyib.
Deputat bildirib ki, məsələyə yalnız demoqrafik siyasət kimi deyil, insan hüquqları, ailənin sosial təminatı və Azərbaycanın gələcəyinə investisiya kimi yanaşmaq lazımdır.
O, sonda ailə, valideynlik və uşaqların hüquqlarının təminatı haqqında kompleks qanun layihəsinin hazırlanması ilə bağlı işə başlanılmasının Milli Məclisin payız sessiyasının iş planına daxil edilməsini təklif edib.

