Aztəminatlı ailənin 7-ci sinifdə oxuyan övladına qarşı məktəbdə fiziki təzyiq göstərildiyi və təhqir edildiyi bildirilir.
Yenigun.Media xəbər verir ki, Samux rayonunun Alabaşlı qəsəbə sakini Ceyhun Vəliyev iddia edib ki, qəsəbədə fəaliyyət göstərən tam orta məktəbin direktoru Vüsalə Hüseynova onun xüsusi qayğıya ehtiyacı olan övladını məktəbdə döyüb, təhqir edib və daha sonra təhsil müəssisəsindən uzaqlaşdırıb.
Ailənin bildirdiyinə görə, hadisə zamanı 7-ci sinif şagirdi N. Vəliyeva məktəbə geyinmək üçün üst geyimi olmadığından çətin vəziyyətdə olub. Şagird iddia edib ki, direktor onu digər şəxslərin gözü qarşısında təhqir edərək fiziki zorakılığa məruz qoyub.
Ailə aztəminatlı olduğunu bildirərək baş verənlərdən narahatlığını ifadə edib. Hətta bu barədə məktəbə gedərək direktora öz etirazını bildirib. Adı çəkilən məktəbin rəhbərliyi isə bu vəziyyətə sadəcə gülərək emosiyalarını ifadə edib.
Ceyhun Vəliyev hadisə ilə bağlı artıq polisə məlumat verib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, təhsil müəssisəsində hər bir şagirdin hüquqları, ləyaqəti və təhlükəsizliyi qorunmalıdır. Xüsusilə həssas vəziyyətdə olan uşaqlara qarşı münasibətdə diqqət və məsuliyyət daha da artırılmalıdır.
Məsələ ilə bağlı məktəb rəhbərliyinin və aidiyyəti təhsil qurumlarının mövqeyi öyrənildikdən sonra əlavə məlumat veriləcək.Denmedia.az

