“Landau School”un Nərimanov rayonu, “City Garden” ərazisində yerləşən filialı ilə bağlı valideyn narazılığı yaranıb.
Şikayətçilər məktəbdə təhsil haqqının artırılmasından, yeməklərin keyfiyyətindən və miqdarından, eləcə də rəhbərliyin problemlərə münasibətindən narazıdırlar.
Tribuna.az xəbər verir ki, bu barədə jurnalist İlkin Muradov məlumat yayıb.
Şikayətçinin sözlərinə görə, məktəb rəhbərliyi yeni korpusun tikiləcəyini əsas gətirərək ödənişləri artırıb. Bundan əlavə, dərs ili ərzində yemək üçün 1000 manat məbləğində əlavə ödəniş alınıb. Lakin valideyn iddia edir ki, vəd edilən işlər görülməyib, məktəbin təmiri başa çatdırılmayıb və dərslər yalnız sentyabrın 28-də başlayıb.
Şikayətçi dərslərin gec başlamasına baxmayaraq, iki həftəyə uyğun ödənişin də valideynlərə geri qaytarılmadığını bildirir.
Valideynlərin əsas narazılıqlarından biri də məktəbdəki qidalanma ilə bağlıdır. Onların iddiasına görə, yeməklərin həm keyfiyyəti, həm də miqdarı qənaətbəxş deyil. Şagirdlər evə gəldikdə yeməklərdən qoxu gəldiyini və məktəbdə ac qaldıqlarını deyirlər.
Şikayətçi bildirir ki, valideynlər övladlarının məktəbdəki yeməkləri yemədiyini əsas gətirərək həmin xidmət üçün ödənilən pulun geri qaytarılmasını, uşaqlarına yeməyi özlərinin alıb verməsini təklif ediblər. Lakin məktəb rəhbərliyindən ödənişlərin geri qaytarılmadığı cavabını alıblar.
Valideynin sözlərinə görə, məktəbin direktoru ilə söhbət zamanı ona təhsil müəssisəsinə gedərək şəraitlə tanış ola biləcəkləri deyilib. Ancaq məktəbə getdikdə onların içəri daxil olmasına icazə verilməyib.
“Direktorun dediyi hər söz sonradan inkar edilir. Hər gün qaynar xəttə zəng edirik, amma məsələni həll etmək əvəzinə bir-birlərinin üzərinə atırlar. Uşaqlarımızın yemək yemədiyini deyirik, ödənişin qaytarılmasını istəyirik, amma heç bir nəticə yoxdur”, – deyə şikayətçi narazılığını ifadə edib.
Valideyn məktəbin idman zalının da hazır olmadığını bildirir. Onun sözlərinə görə, bu məsələ ilə bağlı müraciət etdikdə məsuliyyəti tikinti işlərinin üzərinə atırlar.
Şikayətçi hesab edir ki, məktəb rəhbərliyi valideynlərin müraciətlərinə laqeyd yanaşır və yaranmış problemlərin həlli üçün real addımlar atmır.
O, övladını “Landau School”un sözügedən filialına qoymaq istəyən valideynləri qərar verməzdən əvvəl bütün məqamları nəzərə almağa çağırıb və digər ailələrin də eyni problemlərlə üzləşməməsini istədiyini bildirib.
Qeyd edək ki, səsləndirilən iddialarla bağlı “Landau School” rəhbərliyinin mövqeyini öyrənməyə hazırıq.

