Sabiq deputat və iş adamı Əsabil Qasımovla bağlı redaksiyamıza sensasion şikayət daxil olub. Paytaxtın Nəsimi rayonu, Akademik Mirqasımov küçəsi 4, 121 saylı ünvanda yaşayan Əliyev Cavid İlham oğlu evinin qanunsuz olaraq dağıdıldığını bildirir.
Əliyev Cavid İlham oğlu bildirir ki, 25 iyun 2023-cü il tarixində Akademik Mirqasımov küçəsi 4 ünvanında yerləşən 121 saylı mənzili içərisindəki əşyalarla birlikdə qanunsuz şəkildə sökülüb.
Şikayətçinin sözlərinə görə, hadisə zamanı onun əmlakına ziyan vurulub, mənzildəki əşyalar isə mənimsənilib. O, baş vermiş hadisə ilə əlaqədar Nəsimi Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.3 və 308.2-ci maddələri üzrə cinayət işinin başlandığını və işin Ağır Cinayətlər Məhkəməsinə göndərildiyini qeyd edir.
Cavid Əliyev iddia edir ki, işə baxan hakim Eldar İsmayılovun çıxardığı hökm nəticəsində təqsirləndirilən şəxs Ceyhun Məmmədov cəzalandırılmayıb, ona dəymiş 270 min manatlıq zərərin ödənilməsi də təmin edilməyib.
Şikayətçi hazırda işə apellyasiya instansiyasında hakim Zamin İbrahimovun sədrliyi ilə baxıldığını bildirir. O, apellyasiya baxışının nəticəsi ilə bağlı narahatlığını ifadə edərək hüquqlarının müdafiəsi üçün ictimaiyyətin və aidiyyəti qurumların diqqətini məsələyə yönəltməyə çalışır.
Redaksiyamıza daxil olan digər müraciətin müəllifi Əhmədov Zahid Əlibəy oğludur. O bildirir ki, 29 noyabr 2023-cü il tarixində Akademik Mirqasımov küçəsi 4 ünvanında yerləşən, sahəsi 120 kvadratmetr olan 34 saylı mənzili içərisindəki əşyalarla birlikdə sökülüb.
Şikayətçi baş vermiş hadisə nəticəsində ona 601 min manat məbləğində zərər dəydiyini bildirir. Onun sözlərinə görə, bu iş üzrə də cinayət işi başlanıb və materiallar Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Lakin birinci instansiya məhkəməsinin qərarı ilə dəymiş zərərin ödənilməsi təmin edilməyib. Zahid Əhmədov Birinci Qarabağ müharibəsinin veteranı və ikinci qrup əlildir. Şikayətçi uzun müddət prokurorluq orqanlarında işlədiyini qeyd edərək bildirir ki, Qərbi Azərbaycandan qaçqın düşdükdən sonra əldə etdiyi və 35 il yaşadığı evini bir gündə itirib.
Şikayətçi mənzilinin sökülməsi zamanı əmlakının talan edildiyini və qanunsuz mənimsənildiyini qeyd edib.
Cavid Əliyev isə bildirir ki,evi sökülən zaman o, döyülüb, və fiziki işgəncələrə məruz qalıb.
P.S. Əsabil Qasımovun və Ceyhun Məmmədovun mövqeyini dərc etməyə hazırıq.


