Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına son səfəri mənim üçün təkcə dövlət başçısının regiona növbəti səfəri deyil, Naxçıvanın gələcək inkişafına dair aydın siyasi və strateji baxışın nümayişi kimi qiymətləndirilir.
Yenigun.Media-nın rəhbəri olaraq hesab edirəm ki, bu səfər Naxçıvanın Azərbaycanın ümumi inkişaf strategiyasında xüsusi yer tutduğunu bir daha göstərdi.
Səfər çərçivəsində Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planla tanışlıq, nəqliyyat və dəmir yolu infrastrukturu, sosial layihələr və digər mühüm məsələlərlə bağlı görülən işlərin nəzərdən keçirilməsi diqqət çəkdi. (Azertag)
Naxçıvanın gələcəyi yalnız bir şəhərin və ya muxtar respublikanın inkişafı məsələsi deyil. Bu ərazi Azərbaycanın regional bağlantıları, nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi və Türk dünyası ilə əlaqələri baxımından xüsusi strateji əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin səfər zamanı verdiyi mesajlar da göstərir ki, Naxçıvanın inkişafına kompleks yanaşılır. Burada əsas məqsəd yalnız yeni yolların, binaların və sosial obyektlərin inşası deyil, Naxçıvanın iqtisadi potensialının artırılması, onun nəqliyyat və enerji imkanlarının genişləndirilməsi, regionun Azərbaycanın ümumi iqtisadi sisteminə daha sıx inteqrasiyasıdır.
Xüsusilə diqqət çəkən məqamlardan biri Naxçıvanın qarşıdakı illərdə inkişafına dövlət tərəfindən ayrılan vəsait və həyata keçiriləcək layihələrdir. 2026–2027-ci illərdə sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə 258 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Bu rəqəmin arxasında isə sadəcə maliyyə göstəricisi deyil, Naxçıvanın gələcəyinə yönəlmiş konkret dövlət siyasəti dayanır.
Məncə, bu səfərin ən mühüm tərəflərindən biri də Naxçıvanın Azərbaycanın regional və beynəlxalq kommunikasiya xəritəsində rolunun getdikcə artmasıdır. Naxçıvanın Türkiyə ilə əlaqələrinin genişləndirilməsi, nəqliyyat və enerji layihələrinin inkişaf etdirilməsi bütövlükdə Azərbaycanın regional mövqeyini daha da gücləndirir.
Bu gün Azərbaycan artıq yalnız mövcud imkanlarından istifadə edən ölkə deyil. Yeni nəqliyyat, enerji və kommunikasiya xəritəsinin formalaşmasında fəal iştirak edən dövlətdir. Naxçıvan isə bu xəritənin mühüm qovşaqlarından birinə çevrilə bilər.
Prezident İlham Əliyevin səfər zamanı Azərbaycan Televiziyasına müsahibəsində regional enerji və kommunikasiya məsələləri ilə bağlı səsləndirdiyi fikirlər də Naxçıvanın gələcək perspektivlərinin daha geniş regional çərçivədə nəzərdən keçirildiyini göstərir.
Mənim qənaətimcə, Naxçıvanın qarşısında yeni imkanlar dövrü açılır.
Bu imkanların reallaşması isə həm dövlətin həyata keçirdiyi layihələrdən, həm də yerli potensialdan səmərəli istifadə edilməsindən asılı olacaq. Əsas məsələ Naxçıvanı yalnız coğrafi baxımdan Azərbaycanın ayrılmaz hissəsi kimi deyil, iqtisadi, nəqliyyat, enerji və sosial inkişaf baxımından da ölkənin aparıcı bölgələrindən birinə çevirməkdir.
Prezident İlham Əliyevin Naxçıvana səfəri məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Naxçıvanın gələcəyi Azərbaycanın gələcəyinin ayrılmaz hissəsidir. Bu gün atılan addımlar isə sabahın Naxçıvanını formalaşdırır.
Təbriz Məhərrəmoğlu
Yenigun.Media-nın rəhbəri

