ABŞ Prezidenti Donald Tramp Pentaqona Cənubi Koreya ilə birgə keçirilən hərbi təlimlərin əhəmiyyətli dərəcədə azaldılması barədə göstəriş verib. Tramp buna səbəb kimi təlimlərin yüksək xərcini və Seulun İrana qarşı əməliyyatlarda iştirak etməkdən imtina etməsini göstərib.
Yenigun.media-nın məlumatına görə, “Ulchi Freedom Shield” adlı illik hərbi təlimlər avqustun 17-də başlayıb və avqustun 27-dək davam edəcək. Təlimlərdə Cənubi Koreyadan təxminən 18 min hərbçinin iştirakı nəzərdə tutulur.
Təlimlər çərçivəsində pilotsuz uçuş aparatları, GPS sistemlərinin pozulması və kiberhücumlara qarşı mübarizə üzrə ssenarilər də həyata keçirilir. ABŞ və Cənubi Koreya təlimlərin müdafiə xarakterli olduğunu bildirir.
Şimali Koreya isə təlimləri kəskin şəkildə pisləyərək onları ölkəyə müdaxiləyə hazırlıq kimi qiymətləndirib və nüvə çəkindirmə imkanlarını daha da gücləndirəcəyini açıqlayıb.
Tramp daha əvvəl, 2018-ci ildə də ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərini “təxribatçı” və bahalı adlandıraraq dayandırmışdı.

