Əsas məzmuna keç
26 Noyabr 2026, Cümə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Ülviyyə Həmzəyeva:Milli sənətkarlıq irsi müasir inkişaf mərhələsinə qədəm qoyur

Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Azərbaycan xalçaçılığının, ipəkçiliyin və milli sənətkarlıq irsinin qorunması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Fərmanın əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Yenigun.Media xəbər verir ki, deputatın sözlərinə görə, milli ənənələrin qorunması yalnız onların tarix kimi saxlanılması deyil, bu irsin yaşadılması, inkişaf etdirilməsi və müasir dövrün tələblərinə uyğun şəkildə yeni nəsillərə ötürülməsidir.

Ülviyyə Həmzəyeva qeyd edib ki, xalçaçılıq və ipəkçilik Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı zəngin mədəni irsin mühüm hissəsidir. Xalçaların naxış və rənglərində ayrı-ayrı bölgələrin tarixi, təbiəti, məişəti və dünyagörüşü əks olunur.

Deputat Fərmanın mühüm xüsusiyyətlərindən birinin milli irsin qorunması ilə iqtisadi inkişafın əlaqələndirilməsi olduğunu vurğulayıb. Onun fikrincə, bu sahələrin davamlı inkişafı üçün sənətkar əməyinin dəyərinin artırılması, xammal bazasının gücləndirilməsi, peşəkar kadrların hazırlanması, istehsalın genişləndirilməsi və məhsulların bazarlara çıxarılması vacibdir.

“Azəripək” və “Azərxalça”nın vahid idarəetmə çərçivəsində birləşdirilməsini də əhəmiyyətli addım kimi qiymətləndirən deputat bildirib ki, bu yanaşma baramaçılıq və ipək istehsalından xalçaçılığa, hazır məhsulların brendləşdirilməsinə və ixracına qədər vahid dəyər zəncirinin formalaşdırılmasına imkan yarada bilər.

Ülviyyə Həmzəyeva milli sənətkarlıq nümunələrinin beynəlxalq səviyyədə tanıdılmasının da xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, Azərbaycan xalçasının dünya miqyasında tanınması üçün ənənəvi irsin müasir dizayn, yaradıcı sənayelər və beynəlxalq bazarla əlaqəsi daha da gücləndirilməlidir.

Deputat regionların inkişafı baxımından da xalçaçılıq və ipəkçiliyin böyük imkanlara malik olduğunu diqqətə çatdırıb. Bu sahələrin genişləndirilməsi bölgələrdə məşğulluğun artmasına, qadınların iqtisadi fəallığının yüksəlməsinə və ənənəvi sənət biliklərinin gənc nəslə ötürülməsinə töhfə verə bilər.

Deputatın yanaşmasına görə, ənənəni qorumağın ən doğru yolu onu yalnız muzeylərdə nümayiş etdirmək deyil, yaşatmaq, inkişaf etdirmək və bu irsi yaradan insanların əməyinə layiqli dəyər verməkdir. Yeni Fərman da milli mədəni irsin müasir iqtisadi imkanlarla birləşdirilməsi və Azərbaycan sənətinin dünyada daha geniş tanıdılması baxımından mühüm addım kimi qiymətləndirilir.