Azərbaycan Prezidenti tərəfindən “Dövlət auditi” informasiya sisteminin yaradılması haqqında Fərmanın imzalanması dövlət maliyyə nəzarətinin daha da gücləndirilməsi baxımından mühüm addımdır.
Milli Məclisin deputatı Vüqar Bayramov Yenigun.media-ya açıqlamasında bildirib ki, yeni sistem dövlət vəsaitlərindən istifadədə səmərəliliyin və şəffaflığın artırılmasına ciddi töhfə verə bilər.
Deputatın sözlərinə görə, yaradılacaq “Dövlət auditi” informasiya sistemi (DAİS) rəqəmsal texnologiyalardan istifadə etməklə maliyyə sənədlərinin və məlumatların elektron mübadiləsini təmin edəcək. Bu isə elektron kənar auditin tətbiqi üçün yeni imkanlar yaradacaq.
Vüqar Bayramov qeyd edib ki, beynəlxalq təcrübədə, xüsusilə Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) tövsiyələrində informasiya texnologiyaları auditinin aparılması mühüm istiqamətlərdən biri kimi göstərilir:
“Bir sıra maliyyə məlumatlarının tam elektronlaşdırılmaması və sistemlər arasında inteqrasiyanın yetərli səviyyədə olmaması Hesablama Palatasının informasiya texnologiyaları auditindən daha geniş istifadə etməsinə imkan vermirdi. Yeni sistem bu baxımdan mühüm dəyişiklik yarada bilər.”
Deputat bildirib ki, 2025-ci ildə Hesablama Palatasının həyata keçirdiyi 48 fəaliyyətin 43-ü audit, 5-i isə analitik fəaliyyət olub və onların 75 faizində büdcə qanunvericiliyinin pozulması halları müəyyən edilib. Eyni zamanda büdcə vəsaitlərinin idarə edilməsi üzrə nöqsanların aşkarlandığı fəaliyyətlərin payı da 75 faiz təşkil edib.
Vüqar Bayramovun sözlərinə görə, keçirilmiş auditlərin 74 faizindən çoxunda dövlət satınalmaları ilə bağlı hüquqi aktların tələblərinin pozulması hallarının müəyyən edilməsi elektron maliyyə məlumatlarının inteqrasiyasının əhəmiyyətini daha da artırır.
Deputat dövlət satınalmaları məsələsinə də diqqət çəkib. Onun sözlərinə görə, Hesablama Palatasının qiymətləndirməsinə əsasən, dövlət satınalmalarının 51 faizindən çoxunda ehtimal olunan məbləğlə qalib şirkətin təklif etdiyi qiymət arasında fərq 20 faizdən çox olub.
“Bu göstəricilər dövlət satınalmalarının daha şəffaf, rəqəmsal və inteqrasiya olunmuş formada həyata keçirilməsinin vacibliyini göstərir. Burada süni intellekt və müasir informasiya texnologiyalarından istifadənin genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır”, – deyə deputat vurğulayıb.
Vüqar Bayramov hesab edir ki, DAİS-in yaradılması dövlət maliyyəsinə kənar nəzarətin gücləndirilməsi, dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin artırılması və mümkün nöqsanların daha operativ müəyyənləşdirilməsi baxımından yeni mərhələnin başlanğıcıdır.
“Yeni sistem daha şəffaf, rəqəmsal və hesabatlı dövlət maliyyə idarəçiliyinin formalaşmasına xidmət edəcək. Əsas hədəf dövlət vəsaitlərinin daha səmərəli və məqsədyönlü istifadəsinə nail olmaqdır”, – deyə deputat bildirib.

