Əsas məzmuna keç
13 Oktyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

Vüqar Bayramov: “Mövcud rəqəmlər valyuta bazarındakı tarazlığı qorumağa imkan verir”

YENİGÜN.MEDİAREKLAM728 × 90

Manatın məzənnəsinin növbəti dövrdə necə dəyişəcəyi və devalvasiya riskinin olub-olmaması ilə bağlı müzakirələr davam edir.

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Yenigun.Media-ya açıqlamasında bildirib ki, milli valyutanın məzənnəsinə təsir edən əsas amillərdən biri ölkəyə daxil olan valyutanın həcmidir.

Deputat qeyd edib ki, neftin dünya bazar qiyməti Azərbaycanın tədiyyə balansına təsir edən əsas amillərdən biri olaraq qalır. Onun sözlərinə görə, yüksək neft qiymətləri ilə yanaşı, qeyri-neft ixracındakı artım da xarici ticarət balansında müsbət saldonun qorunmasına imkan verib.

“2026-cı ilin ilk 7 ayında Azərbaycanın ixracatı nominal ifadədə 39 faiz, real ifadədə isə 11 faiz artaraq 20,1 milyard dollara çatıb. Qeyri-neft-qaz ixracatında isə 2 dəfə artım qeydə alınıb və bu müddətdə 5,9 milyard dollarlıq qeyri-neft-qaz məhsulları ixrac edilib”, – deyə Vüqar Bayramov bildirib.

Deputatın sözlərinə görə, həmin dövrdə idxalın 43 faiz azalaraq 9,8 milyard dollara düşməsi nəticəsində 10 milyard dollardan çox müsbət ticarət saldosu formalaşıb.

“Göründüyü kimi, 2026-cı ilin geridə qalan aylarında xarici ticarət və tədiyyə balansındakı müsbət dinamika valyuta bazarındakı tarazlığı qoruyub saxlamağa imkan yaradıb”, – deyə deputat vurğulayıb.

Vüqar Bayramov əlavə edib ki, Mərkəzi Bank da dollara tələbin azalması fonunda sterilizasiya tədbirləri həyata keçirərək valyuta ehtiyatlarını artırıb. Onun sözlərinə görə, 2026-cı ilin ilk 9 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 3,8 milyard dollar artıb.

“2025-ci ili 11,5 milyard dollar ehtiyatla başa vuran Mərkəzi Bankın hazırda 15,3 milyard dollar valyuta ehtiyatı var. Bu ilin geridə qalan dövründə Mərkəzi Bankın valyuta ehtiyatları hər ay əvvəlki aya nisbətən artıb”, – deyə deputat qeyd edib.

Manatın gələcək məzənnəsi ilə bağlı suala toxunan Vüqar Bayramov bildirib ki, mövcud göstəricilər valyuta bazarında tarazlığın qorunmasına imkan verir.

“Bununla belə, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün orta və uzunmüddətli dövrdə manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”, – deyə deputat bildirib.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600