Oktyabrın 7-də Avstriyanın paytaxtı Vyanada yerləşən “Porgy & Bess” caz klubunda Azərbaycanın tanınmış musiqiçisi Tofiq Cabarov və rəhbərlik etdiyi “Bakuba” kollektivinin konserti keçirilib.
Yenigun.Media xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə təşkil olunan “In Memory of Rafig Babayev” adlı konsert görkəmli caz pianoçusu, bəstəkar və aranjimançı Rafiq Babayevin anadan olmasının 90 illiyinə həsr edilib.
Tədbirdən əvvəl “Porgy & Bess” caz klubunun rəhbəri Kristof Huber çıxış edərək Azərbaycan Mədəniyyət Mərkəzinə uzunmüddətli səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirib. O, Mərkəzin hər il fərqli musiqiçilər və rəngarəng konsert proqramları vasitəsilə Azərbaycan cazını klubun səhnəsində təqdim etməsini yüksək qiymətləndirib.
Konsert zamanı Rafiq Babayevin yaradıcılıq irsi və Azərbaycan caz sənətinin inkişafındakı xidmətləri yad edilib. Qeyd olunub ki, sənətkar milli musiqi ənənələrini müasir caz improvizasiyaları ilə birləşdirərək Azərbaycan musiqi mədəniyyətində özünəməxsus iz qoyub.
Rafiq Babayevlə uzun illər birgə çalışmış Tofiq Cabarovun rəhbərlik etdiyi “Bakuba” ansamblı Azərbaycan cazının zəngin ənənələrini müasir musiqi istiqamətləri ilə birləşdirən proqram təqdim edib.
Konsertdə Tofiq Quliyev, Qara Qarayev, Tofiq Cabarov və digər Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. Milli musiqi motivlərinin caz improvizasiyaları, Latın Amerikası və afro-Kuba ritmləri ilə sintezi dinləyicilərə Azərbaycan cazının üslub müxtəlifliyini nümayiş etdirib.
Konsert proqramında Tofiq Cabarov (zərb alətləri), Nicat Aslanov (fortepiano), Firudin Həmidov (truba), Aydın Zeydullayev (alt-saksofon), Əli İbrahimzadə (gitara), Nicat Paşazadə (bas-gitara) və Həsən Bilalov (zərb alətləri) çıxış ediblər.
Musiqiçilərin peşəkar ifası, zəngin improvizasiyaları və milli melodiyaların müasir caz üslubları ilə vəhdəti konsertə xüsusi rəng qatıb.
Qeyd edək ki, konsert proqramı klubun rəsmi internet səhifəsi vasitəsilə canlı yayımlanıb. Bu, Azərbaycan cazının beynəlxalq auditoriyaya təqdim olunması baxımından əlamətdar mədəni hadisə olub.
Bundan əlavə, Vyanaya səfər çərçivəsində musiqiçilər şəhərin tanınmış musiqi məkanlarından biri olan “Frau Mayer”də keçirilən jam-session proqramında da iştirak ediblər. İfaçıların improvizasiya xarakterli çıxışı dinləyicilərin marağına səbəb olub.
Azərbaycan musiqiçilərinin Vyananın nüfuzlu caz məkanlarında çıxışları Azərbaycan Mədəniyyət Mərkəzinin ölkənin zəngin musiqi irsinin Avstriyada tanıdılması və iki ölkə arasında mədəni əlaqələrin inkişafı istiqamətində fəaliyyətinin mühüm istiqamətlərindən biridir.


