Yeni Azərbaycan Partiyasının (YAP) Bərdə rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin Partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlər və qarşıya qoyduğu vəzifələrlə bağlı müşavirə keçirilib.
Yenigun.Media xəbər verir ki, müşavirədə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, VIII Qurultayın nümayəndələri və partiya fəalları iştirak ediblər.
Tədbirdə Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn əsas məsələlər, Azərbaycanın qarşıdakı inkişaf mərhələsinin prioritetləri və Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Çıxışlarda bildirilib ki, VIII Qurultay Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğu yeni tarixi mərhələdə keçirilməsi baxımından mühüm siyasi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qurultaydakı nitqində ölkənin gələcək inkişaf istiqamətləri, strateji hədəfləri və qarşıda duran əsas vəzifələr müəyyənləşdirilib.
Qeyd olunub ki, müəyyən edilmiş strateji hədəflərin həyata keçirilməsində hər kəsin öz fəaliyyət sahəsi üzrə töhfə verməsi vacibdir. YAP üzvlərinin və fəallarının qarşıya qoyulan vəzifələri məsuliyyətlə yerinə yetirməsi, dövlətin inkişafına və xalqın rifahına xidmət edən siyasi xəttin həyata keçirilməsinə dəstək göstərməsi xüsusi əhəmiyyət kəsb edir.
Müşavirədə Azərbaycanın qazandığı tarixi Zəfərlərin və əldə etdiyi uğurların ölkənin gələcək inkişafı üçün möhkəm siyasi və strateji zəmin yaratdığı vurğulanıb. Qarşıdakı dövrdə birliyin, məsuliyyətin və müəyyən edilmiş məqsədlərə inamla fəaliyyət göstərməyin vacibliyi diqqətə çatdırılıb.

