Gələn ayın ilk həftəsində Azərbaycanda növbəti Sənaye 4.0 Hakatonunun keçirilməsi planlaşdırılır.
Yenigun.Media xəbər verir ki, tədbir İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə baş tutacaq.
4SİM-in icraçı direktorunun müavini Soltan Bayramovun sözlərinə görə, builki hakatonda iştirakçılar süni intellekt agentlərindən istifadə etməklə sənayenin aktual problemlərinə uyğun texnoloji həllər və prototiplər hazırlayacaqlar.
Əvvəlki hakatonlardan fərqli olaraq, builki tədbirin formatı fərdi iştirak prinsipi əsasında qurulacaq. Belə ki, iştirakçıların komandası rolunda süni intellekt agentləri çıxış edəcək.
Layihənin əsas məqsədi yerli innovasiya potensialının gücləndirilməsi, sənayedə rəqəmsal həllərin tətbiqi və yeni texnoloji ideyaların təşviqidir.

