Bakının Xətai rayonunda yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır. Hadisənin yeniyetmənin “Roblox” oyun platformasında qarşılaşdığı zərərli məzmun və çağırışlarla əlaqəsi araşdırılır.
Baş Prokurorluqdan Yenigun.Media-ya verdiyi məlumata görə, sentyabrın 13-də Bakı şəhərinin Xətai rayonunda yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
İlkin araşdırma zamanı yeniyetmənin həyatına son qoymaq məqsədilə hündürmərtəbəli binadan özünü atdığı müəyyən edilib.
Hazırkı vaxta qədər keçirilən prosessual hərəkətlər nəticəsində yeniyetmənin “Roblox” oyun platformasında qarşılaşdığı, onun psixoloji vəziyyətinə mənfi təsir göstərən zərərli məzmun və çağırışların təsiri nəticəsində bu addımı atdığı müəyyən olunub.
Hadisənin bütün səbəb və halları, o cümlədən yeniyetmənin istifadə etdiyi elektron qurğular vasitəsilə daxil olduğu internet resursları, qarşılaşdığı məzmunun xarakteri və həmin məzmunun onun psixoloji vəziyyətinə və davranışına mümkün təsiri araşdırılır.
Baş Prokurorluq valideynləri uşaqların internet və sosial platformalardan istifadəsinə xüsusi həssaslıqla yanaşmağa, onların istifadə etdikləri elektron qurğulara, platformalara və daxil olduqları məzmuna nəzarəti gücləndirməyə çağırıb.
Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

