Milli Məclisin deputatı Razi Nurullayev İmişli məscidində rayonun axundu Rasəf Rüstəmovla görüşüb.
Yenigun.Media xəbər verir ki, görüş zamanı rayonda mövcud vəziyyət, ictimai məsələlər və cəmiyyəti düşündürən aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Deputat Rasəf Rüstəmovun milli-mənəvi dəyərlərə bağlılığını, dövlətə və xalqa sədaqətli mövqeyini xüsusi vurğulayıb. Qeyd edib ki, axundun bu yanaşması həm onun şəxsi dünyagörüşü, həm də mənsub olduğu ailənin zəngin mənəvi irsi ilə bağlıdır.
Bildirilib ki, Rasəf Rüstəmovun babası, Azərbaycanın tanınmış din xadimi Kərbəlayi Məşədi Bülbül uzun illər dini sahədə xidmət göstərib, ölkənin ictimai və mənəvi həyatında özünəməxsus iz qoyub. 2024-cü ildə İmişlidə Kərbəlayi Məşədi Bülbülün 130 illik yubileyinin qeyd olunması da bu zəngin irsə ehtiramın ifadəsi olub.
Razi Nurullayev vurğulayıb ki, din xadimlərinin əsas vəzifələrindən biri insanları mənəvi dəyərlər ətrafında birləşdirmək, cəmiyyətdə həmrəyliyi gücləndirmək, dövlətə və xalqa sədaqət ruhunu yaşatmaqdır.
Deputat Rasəf Rüstəmovun bu istiqamətdəki fəaliyyətini təqdirəlayiq qiymətləndirərək qeyd edib ki, milli-mənəvi dəyərlərə bağlılıq və dövlətə sədaqət cəmiyyətin birliyinə xidmət edən mühüm keyfiyyətlərdir.


