Əsas məzmuna keç
24 Avqust 2026, Bazar ertəsi Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Cəmiyyət

Azərbaycan–Özbəkistan münasibətlərində yeni mərhələ: “Müttəfiqlik strateji yol xəritəsidir”

YENİGÜN.MEDİAREKLAM728 × 90

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə keçirdiyi görüş iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Milli Məclisin deputatı Cavanşir Feyziyev Yenigun.Media-ya açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan–Özbəkistan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Deputatın sözlərinə görə, Azərbaycan və Özbəkistan arasında əlaqələrin müttəfiqlik səviyyəsinə yüksəldilməsi siyasi, iqtisadi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanlar yaradır.

“Azərbaycan və Özbəkistan liderlərinin bu dəfəki görüşü müstəsna əhəmiyyət daşıyır. Özbəkistana dövlət səfəri ərəfəsində Prezident İlham Əliyevin Özbəkistan Milli İnformasiya Agentliyinə verdiyi müsahibədən artıq məlum idi ki, səfər çərçivəsində iki dövlət arasında münasibətlərin ən yüksək əməkdaşlıq səviyyəsində – müttəfiqlik səviyyəsində təsbit olunması gözlənilir. Bu, dövlətlərarası münasibətlərin ən yüksək pilləsidir və əlaqələrimizin daha geniş ittifaq çərçivəsində tənzimlənməsinə yol açır”, – deyə Cavanşir Feyziyev vurğulayıb.

Deputat qeyd edib ki, müttəfiqlik çərçivəsində qarşılıqlı əməkdaşlığın yeni mərhələsi iqtisadi, siyasi, mədəni-humanitar və hərbi-texniki sahələrdə daha dərin inteqrasiyanı nəzərdə tutur.

Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan arasında ortaq tarixi keçmişlə yanaşı, gələcəyə dair ortaq baxışın mövcudluğu da əməkdaşlığın inkişafı üçün mühüm zəmin yaradır:

“Azərbaycan və Özbəkistan arasında münasibətlərin daim yaxınlaşması və müttəfiqlik səviyyəsinə çatdırılması yalnız dövlət maraqları ilə deyil, hər iki xalqın birlik və inteqrasiya arzuları ilə də birbaşa bağlıdır. Bu baxımdan müttəfiqlik münasibətlərini xalqlarımızın tarixi arzusunun müasir reallıqlar şəraitində həyata keçirilməsi layihəsinin strateji yol xəritəsi adlandırmaq olar”.

Cavanşir Feyziyev hesab edir ki, Azərbaycan–Özbəkistan müttəfiqliyi yalnız iki ölkənin münasibətləri baxımından deyil, bütövlükdə Türk dünyasının inteqrasiyası baxımından da mühüm əhəmiyyət daşıyır.

“Azərbaycan–Özbəkistan müttəfiqliyi sadəcə iki ölkənin taleyi ilə bağlı məsələ deyil. Bu müttəfiqlik bütün Türk dünyasında inteqrasiya proseslərinə yol açan mühüm amillərdən biridir. Ayrı-ayrı Türk dövlətləri arasında müttəfiqlik münasibətlərinin qurulması və siyasi, iqtisadi-ticari əlaqələrin ən yüksək səviyyəyə çatdırılması gələcəkdə Türk dünyasında vahid iqtisadi məkanın formalaşdırılması və qlobal proseslərə münasibətdə daha güclü siyasi platformanın yaradılması üçün möhkəm zəmin hazırlayır”, – deyə deputat bildirib.

Deputat əlavə edib ki, Azərbaycanın Türk dövlətləri ilə qurduğu strateji və müttəfiqlik münasibətləri Türk dünyasının daha sıx inteqrasiyası üçün nümunəvi model rolunu oynayır.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600